İyunun 23-də feminist fəallar Amerika Birləşmiş Ştatlarının səfirliyinin ABŞ-ın müstəqillik günü münasibətilə keçirdiyi tədbirdə aksiya keçirməyə cəhd ediblər. Gülnara Mehdiyeva, Sənubər Heydərova və Nərmin Şahmarzadə aksiyanı Gədəbəy rayonu Söyüdlü kəndində baş verən hadisələrə və son həbslərə etiraz olaraq keçiriblər.
Mehdiyevanın sözlərinə görə onlar sivil qaydada etiraz keçirərək, Azərbaycandakı haqsızlıqlara səssiz qalmadıqlarını nümayiş etdirmək niyyətində olublar:
“Bu gün iqtidar və müxalifət başqa bir ölkənin müstəqillik gününü qeyd etmək üçün yığışıblar, halbuki Azərbaycanın müstəqilliyi, medianın və xalqın səsi tamamilə boğulub. Fəallar həbs olunur, işgəncə görür. Biz buna öz sivil və mədəni etirazımızı bu şəkildə bildiririk”.
Fəal bildirib ki, cəmiyyətin üzləşdiyi məhdudiyyətləri boğazlarına çəkdikləri simvolik əllə ifadə ediblər.
Səfirliyin təhlükəsizlik xidməti aksiya iştirakçılarını, həmçinin aksiyanı işıqlandıran “Abzas Media”nın direktoru Ülvi Həsənlini diplomatik ərazindən kənarlaşdıraraq, polisə təhvil verib. Bu zaman Həsənli zorakılığa məruz qaldığını bildirib. Aksiya iştirakçıları Gülnara Mehdiyeva, Nərmin Şahmarzadə və Sənubər Heydərova, həmçinin Ülvi Həsənli polis avtomobilinə mindirilərək, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılıblar, daha sonra isə sərbəst buraxılıblar.
İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.