Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından narahatlığını ifadə edib.
İttifaqın sözçüsü son bir neçə həftə ərzində Azərbaycan və Ermənistan arasında artan gərginliyi diqqətlə izlədiklərini, iki ölkənin beynəlxalq sərhədlərində gündəlik atışma hadisələrinin qeydə alındığı, Qarabağ təmas xəttində də analoji insidentlərin baş verdiyini qeyd edir.
“İyunun 15-dən etibarən Laçın dəhlizinin demək olar tamamilə bağlanması çox narahatedicidir. Bu, yerli əhalinin güzəranını birbaşa təhdid edir və potensial humanitar böhranla bağlı ciddi qorxular yaradır”, bəyanatda vurğulanır.
Avropa İttifaqı sonuncu yüksək səviyyəli görüşlərdən sonra İttifaqın gərginliyin azaldılmasına və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etmək üçün ən yüksək siyasi səviyyədə məşğul olmağa davam etdiyini bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 22-si keçirilən hökumət iclasında “Dağlıq Qarabağda humanitar vəziyyət pisləşməkdə davam edir. Beynəlxalq Ədalət Məhkəməsinin bu ilin 22 fevral tarixli qərarına baxmayaraq, Laçın dəhlizinin qanunsuz blokadası davam edir”, deyib. Paşinyan həmçinin gələn həftə Vaşinqtonda xarici işlər nazirlərinin növbəti görüşünün baş tutacağını açıqlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Nikol Paşinyanın çıxışına münasibət bildirərək ittihamları rədd edib.
“Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvaviq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib”, Nazirliyin açıqlamasında bildirilib.
İyunun 15-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhəd xəttində qarşılıqlı atışma olub. Tərəflər bir-birini təxribat törətməkdə günahlandırıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə iyunun 15-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin məlumatında isə Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusunun Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Xakari (Həkəri) körpüsünə doğru irəliləməyə cəhd göstərdiyi və həyata keçirilən tədbirlər nəticəsində bunun qarşının alındığı deyilir.