Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirmək üçün danışıqlar aparır

Rusiya nəqliyyat naziri müavininin başçılığı ilə ekspertlər qrupu Tehranı Azərbaycanın sərhədinədəki Astara şəhəri ilə birləşdirəcək Rəşt-Astara dəmir yolu xəttinin tikintisini sürətləndirmək üçün gələn həftə Tehrana səfər edəcək.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Rusiya Dəmir Yollarının Baş direktorunun müavini Sergey Pavlov Moskvada İran səfiri ilə görüşündə bildirib ki, Nəqliyyat Nazirliyi və Rusiya Dəmir Yolları dəmir yolunun tikintisi üçün daimi texniki dəstəyə hazırdır.

İranın Moskvadakı səfiri Kazem Cəlali qeyd edib ki, iki ölkənin liderləri Rəşt-Astara dəmir yolu xəttini Şimal-Cənub dəhlizinin əlaqəsi kimi tez bir zamanda işə salmaq niyyətindədirlər. O qeyd edib ki, iki ölkə arasında bu dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalanandan sonra əzm və davamlılıqla texniki danışıqlar aparılır.

İranın Moskvadakı səfirliyinin iyunun 22-də yaydığı məlumata görə, görüşdə tərəflər Şimal-Cənub beynəlxalq tranzit dəhlizinin bir hissəsi kimi Rəşt-Astara dəmir yolu xətti layihəsi üzrə işlərin başlanmasının sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair sazişi 2023-cü il aprelin 27-də Tehranda İranın yol və şəhərsalma naziri və Rusiyanın nəqliyyat naziri imzalayıb.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcəklər.

Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək üçün lazımdır, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artmasına imkan verəcək.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.