İyunun 13-də Gürcüstan parlamenti "Gürcüstan hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" sazişi 80 səs lehinə olmaqla ratifikasiya edib.
Gürcüstan parlamentinin məlumatına görə, parlamentin iclasında Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze iştirak edib.
Sazişin müəyyən etdiyi əməkdaşlıq sahələri bunlardır: hərbi təhsil, təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq, hərbi qanunvericilik, hərbi topoqrafiya, hərbi tibb, müdafiə kibertəhlükəsizliyi, sosial, idman və mədəni tədbirlər.
Sənəd tərəflər arasında rəsmi səfərlər və işçi görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi, ümumi maraq doğuran məlumat mübadiləsi, konfrans və seminarlarda iştirak kimi formatlarda əməkdaşlığı nəzərdə tutur.
Sazişi bu ilin aprelində Bakıda Gürcüstan və Azərbaycanın müdafiə nazirləri Cuanşer Burçuladze və Zakir Həsənov imzalayıb.