Bir qrup ukraynalı şagird Azərbaycanda sağlamlaşdırma kursu keçir

Ukraynalı şagirdlər Azərbaycanda (Foto Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyinin Facebook səhifəsindən götürülüb.)

Ukraynanın İrpin şəhər məktəbinin şagirdlərinin Azərbaycana səfəri təşkil edilib.

Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi Facebook səhifəsində yazıb ki, Azərbaycan ukraynalı uşaqların sağlamlaşdırılması və istirahətinin təşkil edilməsi üzrə gözəl ənənəsini davam etdirir.

"Bu dəfə bunlar Zərifə Əliyeva adına İrpin şəhər 12 saylı orta ümumtəhsil məktəbinin şagirdləridir. Uşaqlarımızı Azərbaycan mədəniyyəti və adət-ənənələri ilə daha yaxından tanış edəcək zəngin proqram gözləyir. Biz Azərbaycan tərəfinə ukraynalı uşaqları müharibə dəhşətlərindən yayındırmaq imkanı yaratdığına görə təşəkkür edirik', səfir Kanevski qeyd edib.

Öz növbəsində Ukraynalı şagirdlərin sağlamlaşdırılması və istirahətinin təşkili üçün Azərbaycana gəlməsini Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Amerikanın Səsinə təsdiq ediblər.

"Zərifə Əliyeva adına İrpin şəhər 12 saylı orta ümumtəhsil məktəbinin 8 nəfər şagirdi bir həftə ərzində Azərbaycanda sağlamlaşdırma kursları keçəcək və istirahətləri təşkil ediləcək", Mətbuat Xidməti İdarəsindən Amerikanın Səsinə deyiblər.

Bundan öncə də Ukraynada müharibədən əziyyət çəkən bir neçə qrup uşaq Azərbaycanda reabilitasiya kurslarına cəlb edilib.