İyunun 6-da həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində atası İlyas Hacıyevin, Göygöl şəhərində qardaşı Vüqar Hacıyevin və Bakıda dostu Rail Abbasovun evlərində və avtomobillərində axtarış aparılıb. Axtarış tədbirləri ötən həftə Bəxtiyar Hacıyevlə bağlı aparılan istintaq hərəkətlərindən sonraya təsadüf edir.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, axtarış-götürmə tədbirləri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun iyunun 5-də qəbul etdiyi qərara uyğun olaraq aparılıb.
"Vəkillərə axtarış-götürülmə hərəkətlərinin aparılması əsaslandırılmayıb. Halbuki axtarmanın nə ilə bağlı olduğu, hansı cinayət işi ilə bağlı olduğu əsaslandırılmalıdır. Bəxtiyar Hacıyev xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə təqsirləndirilir. Bununla bağlı axtarış-götürmə tədbirlərin aparılması üçün qanunvericilikdə göstərilən əsaslar mövcud deyil. Çox güman ki, Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürmək istəyirlər", o qeyd edib.
Hacıyevin Bakıda yaşadığı mənzildə istintaq orqanının axarış-götürmə hərəkətlərində iştirak edən vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, axtarış məhkəmə qərarına əsasən aparılır.
“
Your browser doesn’t support HTML5
Məhkəmə qərarında yazılıb ki, istintaqı maraqlandıran əşya və sənədlər axtarılacaq. Bunları sənədlər və kompüter maraqlandırır. Onları nə maraqlandırırsa götürüblər. Axtarışdan narazı qaldığımız məqamlar var. Biz indi hüquqi addımlarımızı atacağıq”, o qeyd edib.
Vəkil deyib ki, Bəxtiyar Hacıyevə qarşı hələ yeni ittiham irəli sürülməyib.
Bununla yanaşı vəkil Elçin Sadıqov güman edir ki, axtarış Bəxtiyar Hacıyevin hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır.
“İndi Bəxtiyar Hacıyev barəsində istintaq müddəti başa çatır. İstintaq orqanı istintaq müddətini uzatmaqda meyllidir. İstintaq orqanı istintaqın uzadılmasının yeganə yolunu ağır ittihamın irəli sürülməsində görür. Bu səbəbdən yeni “cinayət axtarışına” çıxıblar”, Sadıqov Amerikanın Səsinə deyib.
Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev Amerikanın Səsinə deyib ki, iyunun 6-da səhər saatlarında Göygöl şəhərində onun və Gəncə şəhərində atasının evində axrtarış aparıblar.
Your browser doesn’t support HTML5
“Mənim evimdə axtarış-götürmə iki saatdan çox davam etdi. İstintaq orqanını Bəxtiyarla bağlı sənədlər, disklər, fləş kartlar maraqlandırırdı. Mən dedim ki, evimdə elə bir sənəd, disk, fləş kartlar yoxdur. Bəxtiyar Bakıda yaşayır və onun fəaliyyəti Bakıdadır. Onlar evdə ailə fotolarımız olan diskləri, fləş kartları və hətta Bəxtiyar Hacıyevin 2011-ci ildə həbsdən azad edilərkən keçmiş dövlət katibi Hillari Klintonla kağız üzərində olan fotosunu götürdülər”, o qeyed edib.
Vüqar Hacıyevin sözlərinə görə, axtarış-götürmə zamanı onun vəkilinin iştirakı təmin edilməyib.
“Amma özləri ilə iki nəfəri şahid qismində gətirmişdilər. Hansı ki, həmin şəxsləri başqa məhkəmə işləri zamanı da şahid qismində görmüşdüm”.
Onun sözlərinə görə, atasının Gəncədəki evində aparılan axtarış-götürmə zamanı da eyni hərəkətlər edilib.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, hakimiyyət Bəxtiyar Hacıyevin bir neçə ilə azadlığa çıxmasına hazır deyil.
Your browser doesn’t support HTML5
“İndiki ittiham üzrə maksimum 3 il cəza nəzərdə tutulub. Bəxtiyar Hacıyev artıq yeddi aydır həbsdədir. Belə başa düşürəm ki, bunlar Bəxtiyarın belə tez bir zamanda azadlığa çıxmasına hazır deyillər. Ona görə də ittihamın həcmini genişləndirirlər”.
Səfərov təxmin edir ki, Hacıyevə qarşı vergidən yayınma ilə bağlı yeni ittiham hazırlanır və axtarış tədbirləri bundan qaynaqlanır.
“Bu, bir ictimai fəala qarşı Azərbaycan hökumətinin ağır, amansız bir intiqam aktıdır. Bu Bəxtiyar Hacıyevin əvvəlki tənqidi münasibətindən qaynaqlanan bir məsələdir. Şübhəsiz ki, hazırda cinayət təqibini həyata keçirən orqanların hərəkətləri Bəxtiyarın siyasi yüklü təqibinin cizgilərini daha da artıracaq”, hüquq müdafiəçisi Amerikanın Səsinə deyib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.
Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.