Accessibility links

Bəxtiyar Hacıyevin həbs müddəti daha iki ay uzadılıb


Aprelin 20-də Bakı şəhəri Xətayi Rayon Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı ittiham tərəfinin vəsatətinə baxılıb.

Fəalın vəkili Bəxtiyar Hacıyevın Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə insan haqları fəalının həbs müddətini daha iki ay (iyunun 28-dək) uzadılması barədə qərar qəbul edib.

Vəkilin sözlərinə görə, müstəntiq həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini fəalın azadlıqda olduğu müddətdə qaçıb gizlənmə və ya şahidlərə təsir etmə ehtimalının olması ilə əsaslandırıb.

Bundan əlavə vəkil bildirib ki, məhkəməyə gətirilən Bəxtiyar Hacıyev həbs müddətinin uzadılmasına etiraz edib.

O, həmçinin məhkəmədə ictimai fəalın ölkə rəhbərliyinə və Daxili İşlər Nazirliyinə həbsdən azad edilməsinə kömək etmələri üçün müraciət etdiyini də vurğulayıb.

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlərin yarandığı bildirilir.

"Onun hazırda psixoloji durumu mürəkkəbdir", vəkil bildirib.

Bundan əlavə vəkil məhkəmənin qərarından Bəxtiyar Hacıyevin apellyasiya şikayəti verəcəyini də istisna etməyib.

Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanı Səsinə bildirib ki, Bəxtiyar Hacıyevin həbsinin ya da ibtidai araşdırmanın müddətinin üzadılması üçün heç bir əsas yoxdur.

"Ümumiyyətlə, bəraətverici əsaslarla işə xitam verilməlidir, bu vaxtadək Bəxtiyar Hacıyevin barəsində əsassız qərarlar verən müstəntiqlərin və hakimlərin barəsində hüquqi məsuliyyət tədbiri seçilməlidir. Çünki inanıram ki, heç bir cinayət hadisəsi baş verməyib, Bəxtiyarın hərəkətlərində cinayət tərkibi yoxdur. O, nəinki siyasi məhbusdur, hətta vicdan məhbusunun kriteriyalarına uyğun gəlir. İrəli sürülən ittihamlar tamamilə quramadır, açıq-aşkar şərləmədir. Hazırkı təqib Konvensiya, Konstitusiya, cinayət və cinayət-prosessual qanunvericiliyinin norma və tələbləri ilə bir araya gəlmir. Odur ki, Bəxtiyar Hacıyevin azadlıq hüququ qeyd-şərtsiz təmin edilməlidir", o bildirib.

Xatırlatma

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə daha 2 ay - aprelin 28-də uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Fevralın 28-də - aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb edib.

XS
SM
MD
LG