Azərbaycan və İsrail prezidentləri əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib

İlham Əliyev və İsxak Hersoq (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

İsrail Prezidenti İsxak Hersoq Azərbaycanda rəsmi səfərdədir.

Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Görüşdən sonra prezidentlərin iştirakı ilə “Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

İlham Əliyev və İsxak Hersoq (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyeb bildirib ki, İsrail prezidentinin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.

“Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.

Prezident Əliyev iqtisadi əlaqələrdən danışarkən deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur.

“Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir”.

Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq.
İlham Əliyev Azərbaycan Prezidenti

Əliyev enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinin danışıqların mövzusu olduğunu bildirib.

“Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük”.

Prezidentlər kənd təsərrüfatı sahəsində İsrailin müsbət təcrübəsindən istifadə məsələlərini də müzakirə edib.

Kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinə gəlincə Əliyev deyib ki, Azərbaycan bu sahədə fəal təmasların başlanılmasına şaddır.

“Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”.

Təhdidlərdən danışarkən Prezident Əliyev iki dövlət arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı qeyd edib.

“Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır", o qeyd edib.

Danışıqlarda qarşılılıqlı turist axını səviyyəsinin qaldırılması da müzakirə edilib.

“Həftədə yalnız dörd təyyarə reysi var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək”.

Prezident Əliyev Azərbaycanda yaşayan yəhudilərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışıb.

“Onlar müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar da ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar”, Əliyev qeyd edib.

İlham Əliyev və İsxak Hersoq (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

İsrail Prezidenti İsxak Hersoqun bəyanatında deyilir ki, onun səfəri Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.

“Bizim əlaqələrimizin dərin kökləri var. Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir”.

Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik.
İsxak Hersoq, İsrail Prezidneti

İsrail prezidenti Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu bildirib.

“Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik”, o qeyd edib.

Asim Mollazadə (Mənbə: VOA)

Azərbaycan Milli Məclisnin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsinə bildirib ki, İsrail prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcək.

Bizim İsrail dövləti ilə çoxşaxəli əməkdaşlığımız var. Bu əməkdaşlıq təhlükəsizılik, enerji, elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir.
Asim Mollazadə, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

“Əlaqələrimiz daha da genişlənəcək. Azərbaycan xalqı Yəhudi xalqı ilə qardaşlıq, dostluq mühitində yaşayır və iki xalqın yaxınlığı iki dövlətin yaxınlığını təmin edir. Bizim İsrail dövləti ilə çoxşaxəli əməkdaşlığımız var. Bu əməkdaşlıq təhlükəsizılik, enerji, elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. Bu əməkdaşlığın genişlənməsinə təkan verən amil yüksək səviyyəli səfərlərdir. Hər səfərdən sonra bizim əməkdaşlığımız bir sıra sahələrdə daha da genişlənir. Bugünkü səfər zamanı səhiyyə ilə bağlı yeni bir sənəd imzalanıb. Əminəm ki, hər iki dövlətin və xalqın maraqlarına uyğun olan sənəddir”, o qeyd edib.

Deputatın fikrincə, Azərbaycan-İsrail əməkdaşlığı Azərbaycan üçün təhdidlər gətirə bilməz.