Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramov and Mövlud Çavuşoğlu

Mayın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-nin məlumatına görə, nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb.

"Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub", məlumatda deyilir.

Məlumata görə, telefon danışığı zamanı bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Azərbaycan Prezident Administirasiyasının məlumatına görə, Prezident İlham Əliyev Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri üzrə səsvermə keçirlib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezidentlik uğrunda 3 namizəd mübarizə aparır. Bunlar "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır.

"Cümhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

"Ata" İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Türkiyədəki seçkilər Azərbaycan mediasında, sosial şəbəkələrdə, ictimaiyyət arasında əsas müzakirə mövzularından biridir. İctimaiyyət Türkiyədə keçirilən seçkilərin Azərbaycana ciddi geopolitik, siyasi-iqtisadi təsirlərinin olacağını düşünür.

Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək. Bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib.

Nəticələrə əsasən Prezident seçkilərində "Cumhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54%, "Millət İttifaqı"nın namizədi Kəmal Kılıçdaroğlu 44,85%, "ATA İttifaqı"nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən "Məmləkət" Partiyasının sədrinə isə seçicilərin 0,44%-i səs verib.