ABŞ Dövlət katibi Antoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib.
Bu barədə Antoni Blinken Twitter hesabında yazıb.
"Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün (mayın 11-də) Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır" , Blinken qeyd edib.
Eyni zamanda ABŞ Dövlət Departamentinin mətbuat xidməti Antoni Blinkenin danışığı ilə bağlı rəsmi məlumat yayıb.
"ABŞ Dövlət katibi Antoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezdenti Şarl Mişellə telefon danışığında Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün dəstəklənməsi üçün fürsətləri müzakirə edib. Tərəflər, həmçinin Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə ABŞ və Aİ-nin dəstəyini bir daha təsdiqləyiblər", rəsmi məlumatda qeyd edilir.
Xatırladaq ki, mayın 10-da və 11-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində, Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis rayonu arasındakı ərazidə iki olkənin hərbi qüvvələri arasında atışma olub. Azərbaycan 1, Ermənistan 4 hərbçisinin yaralandığını bildirib. Tərəflər cəbhə xəttində gərginliyin qaldığını bildirir.
Cəbhə xəttində gərginlik mayın 14-də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə iki ölkə liderinin görüşü ərəfəsinə və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xavayevin Yerevanda Qarabağ nizamlanması ilə danışıqlar apardığı vaxta təsadüf edir.
Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin mətbuat katibliyinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-ü Brüsseldə növbəti görüş baş tutacaq.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edib. Liderlər Brüsseldə növbəti üçtərəfli görüş barədə yenidən razılığa gəliblər", məlumatda deyilir.
Aİ Şurası, həmçinin müzakirələrin iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam edəcəyini, həmin görüşə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da qatılacağını təsdiqləyib.
Şarl Mişel bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh müzakirələrində iştirakını Brüsseldə davam etdirəcəyi barədə xəbərləri alqışlayıb.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi mayın 14-də Brüsseldə yüksək səviyyədə üçtərəli görüşün olacağını təsdiq edib.
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, sülh müqaviləsinin mətni danışıqlar masasındadır.
"Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdən sonra hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcəklər. Nazirlərin görüşünün mayın 19-da Moskvada baş tutacağı planlaşdırılır", o qeyd edib.
Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.
Həmçinin ötən il oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.
Azərbaycan və Ermənistan liderləri son dəfə bu ilin fevralında Münhendə ABŞ Dövlət katibi Antoni Blinkenlə baş tutan görüşdə bir araya gəlib.
Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.