Accessibility links

Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurması Ermənistan və ABŞ-ın reaksiyaları ilə qarşılanır


Laçın-Xankəndi yolu
Laçın-Xankəndi yolu

Aprelin 23-də Azərbaycan Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Rəsmi Bakının bu addımı Ermənistan və ABŞ-ın tənqidi ilə qarşılanıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı bəyanatda Ermənistan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham olunub.

"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddəki Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12.00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub", Dövlət Sərhəd Xidmətinin bəyanatında deyilir.

Sərhəd Xidməti sərhəd-buraxılış məntəqəsinin qurulması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verildiyini bildirir.

Ermənistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib:

"Ermənistan Respublikası üçtərəfli bəyanatı imzalayan tərəf kimi Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı bu addımı qəbuledilməz hesab edir" - deyə, rəsmi Yerevan baş verənlərin iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xələl gətirdiyini vurğulayıb.

Ermənistan Rusiya Federasiyasına və BMT üzv dövlətlərinə 'Laçın dəhlizinin qeyri-qanuni blokadasını aradan qaldırmaq və Azərbaycan qüvvələrinin dəhlizin bütün təhlükəsilzik zonasında çıxarılmasını təmin etmək üçün' müraciətlə çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında deyilir ki, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.

"Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir", sənəddə qeyd edilir.

Ermənistanın Armenpress agentliyi Qarabağ ermənilərinin lideri kimi təqdim etdiyi Araik Arutyunyanın Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığını bildirir.

"Artsax (Dağlıq Qarabağ) Respublikasının hakimiyyəti Azərbaycanın növbəti təxribatını kəskin şəkildə pisləyir, bunu Artsaxın blokadasını və etnik təmizləməni dərinləşdirməyə yönəlmiş cinayət addımı hesab edir, həm üçtərəfli bəyannaməni, həm də Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarını və digər fundamental normaları pozur", agentlik tanınmamış "Dağlıq Qarabağ Respublikası"-nın informasiya qərargahına istinadən bildirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsinin açılmasının sülh quruculuğu səylərinə zərbə vurduğunu bildirib. "Biz bir daha təkrar edirik ki, Laçın dəhlizində insanlar və ticarətit sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq", o bildirib.

XS
SM
MD
LG