Accessibility links

Rusiya sülməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi tənqidlərə səbəb olub


Rusiyanın Ulyanovsk-Cənub aeroportundan Ermənistana aparılan sülhməramlı bölmə atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün əraziyə doğru irəliləyir.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, hərbi kolon 250 kilometrdən çox yol qət edərək, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarında sülhməramlı kontingent yerləşdirməlidir.

“Rusiya sülhməramlı qüvvələrinin komandanlığının zabitləri və 15 sülhməramlı briqadanın hərbçiləri olan iyirmi İL-76 hərbi nəqliyyat təyyarəsi artıq Ermənistana enib. Təyyarələrlə 400-dən çox hərbi qulluqçu, maddi vasitələr, avtomobil və xüsusi texnika və rabitə vasitələri aparılıb,” məlumatda qeyd edilir.

Birgə bəyanata görə, atəşkəs və döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiyanın 960 hərbçidən ibarət sülhməramlı kontingenti, 90 zirehli texnikası, 380 ədəd avtomobil və xüsusi texnikası Dağlıq Qarabağ münaqişə zonasında yerləşdiriləcək.

Müdafiə Nazirliyi bildirir ki, rus kontingentinin tərkibi Mərkəz Hərbi Dairəsinin 15-ci motoatıcı briqadasının (sülhməramlı) bölmələrindən ibarət olacaq.

“Rusiya sülhməramlı kontingentinin regiona gətirilməsi Ulyanovsk-Şərq hava limanından uçan İl-76 hərbi nəqliyyat təyyarələri tərəfindən həyata keçirilir. Münaqişə tərəflərinin razılaşmalarına əsasən Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının qurulması planlaşdırılır. Sülhməramlı əməliyatları idarə etmək üçün Stepanakert (Xankəndi) şəhəri ərazisində Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdirilir,” Müdafiə Nazirliyinin məlumatında deyilir.

Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin birgə bəyanatına uyğun olaraq noyabrın 10-dan etibarən Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatların dayandırıldığı elan edilib. Sənədə əsasən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərində qalacaqlar.

Dekabrın 1-dək Ermənistan hərbi qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılacaq.

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanata görə, Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

“Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir,” bəyanatda qeyd edilir.

Ermənistan Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb ki, hərbi əməliyyatların davam etdirilməsi Stepanakert (Xankəndi) şəhərinin itirilməsi təhlükəsi yaradırdı.

“Əgər müharibə davam etsə idi, erməni tərəfi nəinki Stepanakerti (Xankəndi), eləcə də Martunu və Əskəran rayonlarını da itirəcəkdi,” o qeyd edib.

Bu zaman Ermənistanda üç ölkənin imzaladığı bəyanat geniş tənqidlərlə qarşılanıb, etirazçılar hökumət və parlamentin yerləşdiyi binalara daxil olub. 17 siyasi partiya Ermənistan Baş nazirini “satqınlıq”da günahlandıraraq istefasını tələb edir. Müxalifət noyabrın 11-də etiraz mitinqi təyin edib. Polis mitinqə cəhd edən Ermənistan müxalifətinin rəhbərlərini və fəallarını həbs edib.

Azərbaycan müxalifəti isə Rusiya qoşunlarının yenidən Azərbaycana gətirilməsinin əleyhinədir. Müxalifət Rusiya qoşunlarının münaqişənin sonadək həllinə mane olacağından ehtiyatlanır.

“Azərbaycan hakimiyyəti milli maraqları sataraq, Rusiya əsgərlərini Qarabağda yerləşdirməyə razılaşıb. İndi aydın oldu nədən Rusiya bu münaqişə boyu susurdu. Münaqişə boyu Qarabağ müharibəsinin Azərbaycan üçün müstəqillik davası olduğunu yazırdım. İlham Əliyev müstəqilliyimizi təhdid altına atdı. Qarabağda vuruşan və qan tökən əsgərlərimizin qanını bada verməkdir bu... Azərbaycan Xalqı bunu qəbul etməməlidir!”, siyasi təhlilçi Azər Qasımlı Facebook səhifəsində yazıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirir ki, noyabrın 10-dək Azərbaycan Silahlı Qüvvələri Laçın-Şuşa yolunun təxminən 40 faizinə nəzarət edirdi.

“İndi oraya nəzarəti Rusiya sülhməramlıları edəcək, 5 kilometr enlikdə nəzarət zolağı tələbi altında (bu, fikrimcə, Xankəndi-Laçın arasındakı bütün yola şamil olunacaq, Şuşa xaric, məhz bu Şuşa şəhəri sözü sənəddə əks olunub). Təzə yolun çəkilmə planı da qarşıdakı 3 il ərzində razılaşdırılacaq. Belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələri mövcud yola nəzarəti Rusiya Silahlı Qqvvələrinə verəcəkmi? Mən təəssüflə deyirəm “hə”. Sənəddə də buna işarə var. Əksini İlham Əliyev bəyan etməlidir. Təəssüf ki, istənilən halda Azərbaycanın ərazi bütövlüyündən söhbət getmir,” o, Facebook səhifəsində qeyd edib.

Azərbaycanın İrandakı keçmiş səfiri, tarix doktoru Nəsib Nəsibli Rusiya Ordusunun Qarabağa yerləşdirilməsinə işarə edərək yazır ki, "Qarabağda işğalçı bir idi, oldu iki."

"Birini sıxışdırdıq, neçə min şəhid verdik, ikisini də qovmaq üçün nə qədər tələb ediləcək? Möcüzə olmadı. Aldadıldıq. İkinci dəfə. Uca Tanrı bundan sonra bizə lütf göstərərmi?“, o, Facebook səhifəsində yazıb.

Milli Şuranın sədri Cəmil Həsənli bildirir ki, ən ağırı, böyük çətinliklər bahasına 1993-cü ilin yazında Azərbaycandan çıxarılan Rusiya qoşunları “sülhməramlı” adı altında yenidən Azərbaycana qaytarılır.

“Əslində, məsələnin ən ağrılı, ən acınacaqlı, ən məşum tərəfi də budur. Belə bir addımın Azərbaycan konstitusiyasına, qanunlarına nə qədər uyğun olub-olmamasına beynəlxalq hüquq mütəxəssisləri rəy verərlər. Amma məsələnin siyasi təhlükəsi ondan ibarətdir ki, bütün dünya Rusiya təhlükəsi, Rusiya təcavüzündən, Rusiya yaraqlılarından qurtulmağın yollarını aradığı bir məqamda Azərbaycan rəhbərliyi “könüllü” şəkildə “varyaqları” öz ölkəsinə dəvət edir. Bu, Azərbaycana, yoxsa Əliyev ailəsinə lazımdır?! Bunu yaxın gələcək göstərər,” o qeyd edib.

O hesab edir ki, hərbi əməliyyatlar və ondan öncəki bütün məsələlərdə Azərbaycana birmənalı mənəvi, siyasi, diplomatik dəstək verən Türkiyənin prosesdə iştirakı barədə açıq bir söz deyilmir.

“İstər İlham Əliyev, istər Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin artıq masada olması barədə bəyanatlar versə də, göründüyü kimi, Türkiyə masadan kənar saxlanılıb. Və həm də yalnız masadan yox. Burada üstüörtülü sülhməramlıları müşahidə etmək kimi bir şeylər nəzərdə tutulsa da, 20 ildən çoxdur ki, biz də Əfqanıstanda buna bənzər bir missiya yerinə yetiririk. Əgər yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında qarşılıqlı təhlükəsizliyi nəzərdə tutan ittifaq müqaviləsi imzalanmasa Rusiya sülhməramlı “xidməti” Azərbaycana baha başa gələcək,” Milli Şuranın sədri qeyd edir.

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bildirir ki, Rusiya sülhməramlı qüvvələrinin həmişə olduğu kimi yenə də ermənilərin mənafeyini qoruyacaqları şübhə doğurmur.

“Bəs onda biz kimin ümidinə qalırıq? Düşünürəm ki, suverenliyimizə və təhlükəsizliyimizə inamlı təminat məqsədi ilə Naxçıvanda və Qarabağda Türkiyə hərbi qüvvələrinin bazaları yaradılmalıdır.

Azərbaycan Konstitusiyasına və Beynəlxalq Hüquq normalarına tam uyğun olmayan Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış bəyanatın qüsurları nəzərə alınaraq, Türkiyə rəhbərliyinin də iştirakı ilə problemin yenidən müzakirə olunması və sülh sazişi formasında imzalanması keçilməzdir. Hərbi təcrübəyə əsasən qalib tərəf kimi bu danışıqlarda Azərbaycan prezidentinin təklifləri prioritet sayılmalıdır,” İnsanov qeyd edib.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilənin imzalandığını açıqlayıb. Müqavilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış atəşkəsə əməl edilməsinin monitorinqini həyata keçirəcək mərkəzin yaradılmasını nəzərdə tutur.

Ədroğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxışında bildirib ki, bu gün səhər saatlarında imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib.

İki ölkənin hərbiçilərinin birgə fəaliyyəti ilə bağlı növbəti günlərdə də müzakirələrin davam etdiriləcəyi bildirilir.

XS
SM
MD
LG