Mayın 1-də İraqda həbsdə olan Azərbaycan əsilli qadınların bir qrup qohumları Bakıda Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib. Aksiya iştirakçıları İraqda həbsdə olan yaxınlarının azad edilməsi üçün Azərbaycan hökumətinin tədbirlər görməsini xahiş edib.
Aksiya iştirakçılarından biri deyib ki, İraqda həbsdə olan Azərbaycan əsilli qadınların övladları Azərbaycana gətirilib. Lakin onların anaları hələ də Bağdad həbsxanasındadır.
"Biz Azərbaycan hökumətindən həbsdə olan anaların azad edilməsinə kömək etməsini, onları övladlarına qovuşdurmasını xahiş edirik", o qeyd edib.
İraq həbsxanasında olan qadınllar səs yazıları əks olunan videolarını qohumlarına göndərib.
"Biz səsimizi bütün düyaya yaymaq istəyirik. Biz 121 nəfər azərbaycanlı qadın olaraq İraqın Bağdad şəhəri Rosafa B6 cəza evində ömürlük həbsə məhkum olunmuşuq".
Bu sözlərlə həbsdə olduğunu bildirən, lakin adını açıqlamayan bir qadın aprelin 25-də lentə alınmış video vasitəsi ilə dünya icitmaiyyətinə müraciət edir.
Qadın İraq hədxanasında olan 121 nəfər Azərbaycan əsilli qadınlarla yanaşı digər ölkələrdən olan qadınların da azad olunmaları tələbi ilə aprelin 25-dən müddətsiz aclıq aksiyasına başladıqlarını bildirib.
"B6 cəza evində Azərbaycan əsilli qadınlarla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Fransa, Almaniya, Pakistan, Özbəkistan və başqa ölkələrdən olan qadınlar saxlanılır", o qeyd edib.
Qadının sözlərinə görə, həyat yoldaşları İŞİD-in tərkibində olarkən döyüşlər zamanı həlak olan Azərbaycan əsilli 121 qadın könüllü olaraq İraq hərbçilərinə təslim olub.
"İraq məhkəməsi bizim barəmizdə heç bir sübut olmadan 5 dəqiqə ərzində ömürlük həbs və ya ölüm cəzası çıxarıb. Bizə qarşı terror ittihamı irəli sürülüb. Biz heç bir terrorda iştirak etməmişik. Sadəcə öz həyat yoldaşlarımıza qoşulub İraqa gəlmişik. Heç bir cinayət tərkibli əməl törətməmişik. Biz artıq 6 ildir ki, İraqda həbsxanada ən ağır şəraitdə saxlanılırıq. Bu illər ərzində həbsxananın ağır rejiminə dözməyən bir çox Azərbaycanlı qadın və uşaq vəfat edib. İndi də ağır durumda olan xəstələrimiz var. Onlara tibbi yardım göstərilmir. Artıq 4 ildir ki, bizi övladlarımızdan ayırıblar. Biz azadlığımıza qovuşub övladlarımızın yanında olmaq istəyirik", o qeyd edib.
Xarici İşlər Nazirliyinin binası qarşısındakı aksiyada iştirak edən Sevda Cavadova deyib ki, onun oğlunu öldürüblər. Gəlinlərinə isə 20-25 il həbs veriblər.
"Nəvələrim qüsurludu, artıq onlara baxa bilmirəm. Gəlinlərimin günahı yoxdur, ərlərinə qoşulub gediblər. Əgər hər hansı günahları varsa, öz ölkəmizdə cəza verilsin".
Rəsmi məlumatlara görə İraq, Suriya və Əfqanıstanda yüzlərlə Azərbaycan vətəndaşı qeyri-qanuni hərbi birləşmələrin tərkibində döyüşüb. Onlardan xeyli hissəsi həlak olub, bir hissəsi isə həbs və ya Azərbaycana deportasiya edilib.
Sonuncu dəfə 2020-ci ildə ölkəyə İraqdan 82 uşaq gətirilib.
2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.
İraqda həbsxanada aclığa başladığı bildirilən qadınlarla bağlı Amerikanın Səsinin sorğusuna Azərbaycanın Xarici İşlər Nazirliyi və İraqın Azərbaycandakı səfirliyi hələ cavab verməyib.