Accessibility links

İslam Dövləti döyüşçülərinin ailələrinin saxlandığı düşərgədə qarşıdurmada bir uşaq ölüb


Suriyda müharibəni monitorinq edən müxalif müşahidəçi qrupunun bildirdiyinə görə, Suriyanın şimal-şərqində İslam Dövləti qruplaşmasının yaraqlılarının ailə üzvlərinin yerləşdiyi düşərgədə saxlanan qadınlar bazar ertəsi kürd mühafizəçilərini qaçırmağa cəhd göstərib. Atışma ilə nəticələnən cəhd bir uşağın ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.

Kürd rəsmisi qadın mühafizəçilərin qaçırılmasına cəhdin olduğunu təsdiqləsə də, itkilər barədə heç bir açıqlama verməyib. Getdikcə genişlənən Əl-Hol düşərgəsində əsasən İslam Dövləti qrupunun üzvlərinin arvadları, dul qadınlar və uşaqları daxil olmaqla, on minlərlə qadın və uşaq saxlanır.

Düşərgədə hücum İŞİD-in baş lideri Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşinin ABŞ-ın Suriyanın şimal-qərbindəki keçirdiyi reyd zamanı öldürülməsindən bir neçə gün sonraya təsadüf edib. Son bir ildə düşərgə onlarla cinayət hadisəsi baş verib.

İnsident həmçinin İŞİD döyüşçülərinin Suriyanın şimal-şərqində 3000 militant və yeniyetmənin saxlandığı Hassaki şəhərindəki həbsxanaya hücumundan iki həftə sonraya təsadüf edir.

Həbsxanaya hücum ABŞ-ın dəstəklədiyi döyüşçülərlə İslam Dövləti qrupunun militantları arasında 10 gün davam edən döyüşlərə səbəb olub. Nəticədə 500-ə yaxın insan ölüb. ABŞ-ın dəstəklədiyi kürd döyüşçüləri sonda nəzarəti ələ ala bilib.

Prezident Co Bayden Əl-Qureyşinin Suriya həbsxanasına hücuma görə məsuliyyət daşıdığını deyib.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Əl-Hol düşərgəsində qadınların mühafizəçiləri qaçırmağa cəhd etdiyi zaman atışma baş verdiyini və nəticədə 10 yaşlı uşağın öldüyünü, 6 qadın və uşağın yaralandığını bildirib.

Müşahidə Qrupunun bildirdiyinə görə, atışma yanğına səbəb olduğu üçün qadınlar mühafizəçiləri qaçıra bilməyib.

Kürd administrasiyasının qaçqınlar və köçkünlərlə iş üzrə şöbəsinin müdiri Şixmus Əhməd Associated Press xəbər agentlyinə düşərgə sakinlərindən bəzilərinin qadın mühafizəçiləri qaçırmağa cəhd etdiyini təsdiqləyib. O, ölənlər barədə məlumat verməyib.

Düşərgədə işləyən başqa bir kürd rəsmisi qaçırılma cəhdindən xəbərsiz olduğunu, lakin əksəriyyəti əcnəbi qadın və uşaqların saxlanıldığı kiçik bir hissədə iğtişaşların baş verdiyini deyib. Qaydalara uyğun olaraq adının açıqlanmasını istəməyən rəsmi bazar ertəsi iğtişaşlar zamanı yeddi qadın və uşağın xəsarət aldığını bildirib.

Əl-Hol düşərgəsində 50 minə yaxın suriyalı və iraqlı var. Onlardan təxminən 20 mini uşaqlardır.

Bazar ertəsi insident düşərgənin 57 ölkədən 2000 qadının və təxminən 8000 uşağın saxlandığı, ciddi mühafizə olunan hissəsində baş verib. Burada saxlanılan qadınlar İŞİD-in ən qatı tərəfdarları hesab olunurlar.

XS
SM
MD
LG