Şəmşad Ağa: Azərbaycanda mətbuat qeyri-rəsmi senzura altındadır

Your browser doesn’t support HTML5

Arqument.az saytının baş redaktoru, media üzrə ekspert Şəmşad Ağa Amerikanın Səsinə müsahibəsində 3 may - Ümümdünya mətbuat azadlığı günü ilə bağlı Azərbaycanda mətbuat azadlığının vəziyyətindən, o cümlədən bu sahədə yaranmış problemlərin həlli yollarından danışıb.

Amerikanın Səsi: 3 may - Ümümdünya mətbuat azadlığı günü kimi qeyd olunur. Müxtəlif ölkələrdə mətbuat azadlığl ilə bağlı vəziyyət fərqlidir. Bəs Azərbaycanda durum necədir?

Şəmşad Ağa: Maraqlı sualdır. Ümumiyyətlə Azərbaycanda mətbuat varmı? Azərbaycanda mətbuat, azad söz demək olar ki, sıradan çıxarılıb. Sual yarana bilər ki, bəs siz nə ilə məşğulsunuz? Dəfələrlə mən bunu demişəm. Hər dəfə təkrarlanır. Biz informasiya mühasirəsini yarmaqla məşğuluq. Sosial şəbəkələrin verdiyi imkanlardan, yeni media platformalarının açılması ki, onlara hökümətin hələ ki, birbaşa əlaqəsi və nəzarət imkanları yoxdur. Bu baxımdan Azərbaycanı sivil ölkələrlə, sivil cəmiyyətlərlə müqayisə etmək yanlışdır. Çünki heç müqayisəyə gəlmir. Azərbaycanda mətbuat və söz azadlığı 30 illik avtoritorizm sayəsində sıradan çıxarılıb.

Amerikanın Səsi: Azərbaycanda media və jurnalistlər daha çox hansı problemlərlə üzləşir?

Şəmşad Ağa: Hansı problemlərlə üzləşmirlər ki? Biz belə saya bilmərik. Azərbaycanda mətbuat qeyri-rəsmi senzura altındadır. Təzyiqlər altındadır. Mətbuatı müxtəlif vasitələrlə, məhkəmələrlə, hüquq-mühafizə orqanları vasitəsilə, hədə-qorxularla, reportaj hazırlayarkən rayonlardan uzaqlaşdırılmaqla və s. sıradan çıxarılır. Azərbaycan jurnalistikası 1998-ci ildən rəsmi olaraq senzura ləğv olunsa da, qeyri-rəsmi senzura altındadır. Azərbaycanda jurnalistlərin təhlükəsizliyi ilə bağlı sabaha təminatı yoxdur. Ona görə də Azərbaycanda ümumiyyətlə mətbuat azadlığı indeksi hətta qonşu Gürcüstan və Ermənistan ilə müqayisədə çox aşağıdır. Ona görə də Azərbaycanda jurnalistlərin hər an həbs olunmaq, yazdığı yazıya görə, çəkdiyi reportaja görə təqiblə üzləşmək ehtimalı var. Bu risk var və bu risk böyükdür. Azərbaycan jurnalsitlərin həyat və təhlükəsizliyi ilə bağlı risk olan ölkələr sırasındadır.

Amerikanın Səsi: Azərbaycanda "Media haqqında" yeni qanunun tətbiqi media orqanlarının və jurnalistlərin hüquqi vəziyyətinə necə təsir edib?

Şəmşad Ağa: Siz xatırayırsınızsa "Media haqqında" qanun qəbul olunanda Azərbaycanda qəbul olunan bu qanunun mürtəce olması ilə bağlı bizim aksiyalarımız oldu. Azərbaycanda qəbul olunan bu qanun mürtəce bir qanundur. Ona görə də bu qanun Azərbaycanda medianın tamamilə sıradan çıxarılmasına hesablanıb. Düzdür hələ ki, indiyə qədər o qanunu tam tətbiq etməyiblər. Burada reyestr bölümü var. Həmin o reyestr bölümü hələ tam tətbiq olunmayıb. Amma müddəti bitib. Bir alət olaraq əllərində saxlayıb Azərbaycan mətbuatına təzyiq göstərə bilərlər. Azərbaycan mətbuatı hüquqi baxımdan ciddi bir təhdid altındadır. Qəbul olunmuş qanun Azərbaycan Konstitusiyasına, Avropa İnsan Haqları Konvensiyasına ziddir. Azərbaycanın götürdüyü öhdəliklərə ziddir. Venesiya Komissiyası bu qanuna mənfi rəy verib və Azərbaycan hökümətinə qanunu dəyişdirməyi tövsiyə edib. Bunu dəfələrlə müzakirə elədik. Bu baxımdan qanun mürtəcedir. Bu qanun gələcəkdə Azərbaycan jurnalistikasının ümumiyyətlə olmaması dövrünə gətirib çıxardacaq.

Amerikanın Səsi: Medianın iqtisadi durumunu necə qiymətləndirərdiniz? Burada media subyektlərinin fəaliyyəti üçün bərabər imkanlar varmı?

Şəmşad Ağa: Ümumiyyətlə Azərbaycanda reklam bazarı azad deyil. Bu, uzun illərdir deyilir. Azərbaycanda reklam büdcəsi 8-12 milyon arasında dövr edir. Deyəsən ötən il hətta rəqəm bir qədər də aşağı düşdü. O büdcə belə azad deyil. Rəqabət mühiti yoxdur. Ona görə də, Azərbaycan mediasına bu reklam bazarından istifadə etmək imkanları yoxdur. Azərbaycanda elə bir media orqanının adını çəkmək olmaz ki, həm hökümətyönlü, həm müstəqil media orqanı olsun, o, reklam bazarı üzərində ayaqda dura bilsin. Öz fəaliyyət imkanları hesabına fəaliyyət göstərə bilsin. Müxtəlif ianələr deyim. Dövlət tərəfindən o oliqarxların saxladığı saytları demirəm ki, onlara maliyyə dəstəyi ayırılır. Və yaxud xaricdən, hər hansı donorların vasitəsilə maliyyələşən saytlar var. Reklam büdcəsindən yararlananlar, yalnız göstəriş əsasında reklamın həmin saytlara yönləndirilənlərdir. Ona görə də reklam büdcəsi azad olmayan ölkədə mətuatın iqtisadi durumundan danışmaq absurd səslənir.

Amerikanın Səsi: Sizcə mətbuat azadlığı sahəsində mövcud problemlərin aradan qaldırılması üçün hansı addımlar zəruridir, beynəlxalq təşkilatlar hansı yardım göstərə bilər?

Şəmşad Ağa: Azərbaycanda birincisi "Media haqqında" qanun dəyişdirilməlidir. Qanun liberallaşdırılmalıdır. Media reyestri ləğv edilməlidir. Hüquqi və qanunvericilik baza liberallaşdırılmadan Azərbaycan hökümətinin mediaya təzyiqlərini azaltmadan Azərbaycanda mətbuatın durumundan danışmaq bir qədər məntiqə uyğun gəlmir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Azərbaycan hökümətinə onların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təzyiq etməlidirlər ki, götürdüyü öhdəlikləri icra etsin. Yalnız bu baxımdan qanunvericilik hüquqi bazanın liberallaşdırılması və mətbuata basqıların azaldılması fonunda mətbuatın inkişafından danışmaq olar. Əks halda Azərbaycanda bir qədər sonra Türkiyədəki kimi sosial şəbəkələrə də qanunverici mexanizmlərin tətbiqi ilə bağlı qanun qəbul edilə bilər. Bundan sonra Azərbaycanda söz və ifadə azadlığı, hətta fərdlərin belə söz və ifadə azadlığı məhdudlaşdırıla bilər.

Qeyd: Bu, Şəmşad Ağanın fikirləridir. Azərbaycan hökuməti ölkədə söz və mətbuat azadlığının tam təmin edildiyini, mətbuata və jurnalistlərə dövlət qayğısı olduğunu bəyan edir. Rəsmi Bakı ölkədə fundamental azadlıqların tam təmin edildiyini, medianın və blogerlərin sərbəst informasiya toplaması, fəaliyyəti üçün hər cür şəraitin yardıldığını bildirir. Hökumət media subyektlərini vergilərdən azad edib. Dövlət rəhbərləri insanların fikirlərinə, sözlərinə, yazılarına və iradələrinə görə təqib olunmadığını bəyan edir. Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları ölkədə yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Onların arasında 6 nəfər jurnalist və bloger var.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. 2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.