Son həftələr ərzində İranda vətəndaşların şəxsi avtomobillərinin müsadirə edilməsi və ölkənin müxtəlif şəhərlərində kiçik biznes sahiblərinin iş yerlərinin, o cümlədən kafe və restoranların möhürlənməsi xəbərləri polis orqanları tərəfindən tez-tez açıqlanır.
Qərbi Azərbaycan vilayətində polis qüvvələrinin komandiri general Rəhim Cahanbəxş yarı-rəsmi İSNA xəbər agentliyinə polisin "İffət və Hicab Planı" adlandırdığı vilayət üzrə 87 iş yerinin möhürlənməsi barədə məlumat verib.
Qərbi Azərbaycan vilayətinin polis rəisi bu vilayətdə polis qüvvələrinin məcburi hicab qaydalarına əməl etməyən qadınlara qarşı mübarizə planının təfərrüatları barədə məlumat verərək deyib ki, "Aprelin 15-dən indiyədək iş yerlərinə 1851 başçəkmə həyata keçirilib, bunlardan 87 iş yeri möhürlənib, 1376 qayda pozan iş yeri sahibinə şifahi, 388 nəfərə isə yazılı xəbərdarlıq edilib, iffət və hicab məsələsinə əməl etməyən 5000 avtomobil sürücüsünə xəbərdarlıq olaraq, SMS göndərilib."
Cahanbəxşin sözlərinə görə, polis qüvvələri bu planı cəmiyyətin əksəriyyətinin tələbinə uyğun olaraq həyata keçirir. Bu müddətdə polisin ölkə mətbuatına açıqladığı rəqəmlərə görə, ölkədə hakimiyyət tərəfindən təsdiq edilmiş məcburi örtünmə qaydalarına əməl etməkdən imtina edənlərin sayı yüksəkdir.
SEE ALSO: Həmədan vilayətində 32 avtomobil sərnişinlərinin hicaba riayət etmədiyi iddiası ilə zəbt edilibBu plana uyğun olaraq polis tərəfindən möhürlənmiş iş yerlərinin sayı ilə bağlı hələ ki, dəqiq statistika yoxdur, lakin İran mediasında müxtəlif vilayətlərdən dərc olunan xəbərlər göstərir ki, iki həftə ərzində yüzlərlə iş yeri möhürlənib.
İran polisinin bu planına görə, kafe və restoranların qadın müştəriləri məcburi hicab qaydalarına əməl etmədikləri təqdirdə, polis qüvvələri iş yerinin sahiblərinə xəbərdarlıq edəcək, hicab qayda pozuntusu təkrar olunarsa, iş yeri möhürlənəcək. Polis bu yolla kafe və restoran sahiblərini məcburi hicab qaydalarına əməl etməyən qadın müştərilərə xəbərdarlıq etməyə və ya bu müştəriləri qəbul etmələrinə mane olmağa məcbur edir.
İslam Respublikasının polis qüvvələri tərəfindən bu planın həyata keçirilməsi barədə daha əvvəl ölkənin polis qüvvələrinin komandanı general Əhmədrza Radan məlumat vermişdi. İran polisinin dediyinə görə, bu planda hakimiyyətin təsdiq etdiyi məcburi örtünmə qaydalarına riayət etməyən qadınlarla polis qüvvələri arasında heç bir fiziki qarşıdurma yoxdur.
Məhsa Əmini adlı gənc qadının məcburi hicab qaydalarına əməl etməyəndən sonra həbs edilməsi, daha sonra o, həbsdə ikən polis qüvvələrinin zorakılığı nəticəsində sentyabrın 16-da həyatını itirməsi və ardından davamlı genişmiqyaslı etiraz aksiyalarından sonra ölkənin müxtəlif şəhərlərində bir çox qadın və qız bir cür hakimiyyətə qarşı vətəndaş itaətsizliyi olaraq, ictimai yerlərdə baş örtüsüz gəzib-dolaşmağa davam edir.