Aprelin 22-də Şuşa rayonunun Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşərək partlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, mina partlayışı nəticəsində avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb.
"Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib”, nazirliyin məlumatında deyilir.
Müdafiə Nazirliyi baş vermiş hadisəyə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.
Erməni tərəfi hələ Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət bildirməyib
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 294 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 243 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.