Tərtərdə mülki şəxs minaya düşüb

Aprelin 18-də Tərtər rayonunun Borsunlu kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində bir mülki şəxs - Elnur Əsgərov xəsarət alıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Məlumatda həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Öz növbəsində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) vətəndaşlara müraciət edərək yalnız təhlükəsiz marşrut xətlərindən istifadə edərək, marşrutdan kənar çıxmamağa, minatəmizləmə əməliyyatları icra olunan ərazilərdə müvafiq fəaliyyət həyata keçirməyə, sayıq olmağa və məsuliyyətli davranmağa çağırır.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.