Təbrizin daha bir qız məktəbində şagirdlər zəhərlənib

Təbrizdə Asman Məktəbi

Bu gün, aprelin 17-də Təbrizdə bir qeyri-dövlət məktəbinin bəzi şagirdləri zəhərlənib.

Sosial mediada yayılan video-görüntülərə görə, Təbrizin Zəfəraniyyə məhəlləsində yerləşən Asman məktəbinin şagirdlərinin ailələri uşaqlarını məktəbdən çıxarmaq üçün məktəbin qarşısına toplaşıblar.

Yerli sosial media xəbər kanalları bəzi vətəndaşlara istinadən paylaşıdığı məlumatlara əsasən, məktəb müdiri məktəbin qapısını bağlayaraq şagirdlərin çıxmasına icazə verməyib.

Bu məktəbdə zəhərlənən şagirdlərin sayı məlum deyil.

Ötən gün Ərdəbil, Urmiyə, Kərəc, eləcə də Qəzvin vilayətinin Takistan şəhərində məktəblərdə məktəbli qızların zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb.

Hələlik heç bir məsul qurum bu tələbələrin zəhərlənməsi xəbərinə münasibət bildirməyib.

SEE ALSO: İran Azərbaycanının bir neçə şəhərində qız məktəblərində zəhərlənmə halları baş verib

Keçən ay İran Səhiyyə Nazirliyinin direktor müavini Səid Kərimi 13 min tələbənin zəhərləndiyini və onların xəstəxanalarda və ya təcili tibbi yardım qrupları tərəfindən müalicə aldığını açıqlamışdı. İran Səhiyyə Nazirliyinin bu rəsmisinin sözlərinə görə, məktəblərə kimyəvi hücum nəticəsində ölən olmayıb.

Daha əvvəl Məhəmməd Tağı Fazel Meybodi adlı din xadimi "Şərq" qəzeti ilə müsahibəsində İranda məktəbli qızlara kimyəvi hücumun arxasında "minillikçilik" ideyalara inanan ekstremist qruplaşmanın dayandığını iddia etmişdi. Lakin hələ ki, hər hansı bir rəsmi qurum ölkədə qız məktəblərinə qarşı kimyəvi hücumları həyata keçirənlərlə bağlı ətraflı məlumat verməyib.