Sumqayıt məhkəmə kompleksində “Tərtər işi” üzrə hərbiçilərə işgəncə verməkdə ittiham olunan növbəti qrupun işi üzrə məhkəmə təhqiqatı başlayıb. İşə Bakı Hərbi Məhkəməsi baxır.
Araşdırma predmeti 2017-ci ilin mayında Beyləqan rayonu ərazisində baş verən hadisələrdir.
Beyləqan korupusunun keçmiş qərargah rəisi, sonradan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş idarəsinin rəisi səlahiyyətlərini icra edən general-mayor Bəkir Orucov və daha dörd zabit - Ziya Kazımov, Rəhim Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidov məhkəmə qarşısına çıxarılıb.
İş üzrə 62 zərərçəkmiş və 21 şahid keçir.
Kazımov və Rəşidov azadlıqdadır. Digər təqsirləndirilən şəxslər ev dustaqlığına keçirilmələrini xahiş ediblər.
Bütün müttəhimlər özlərini təqsirli bilmədiklərini deyiblər.
Zeynal Ağayevin sədrlik etdiyi hakim heyəti vəsatətləri təmin etməyib.
Daha sonra ittiham aktı oxunub. Akta əsasən, müttəhimlər hərbiçiləri özlərinin və ya digər şəxslərin əleyhinə ifadə vermək tələbi ilə işgəncələrə məruz qoyublar. Nəticədə, leytenant Adil Səbirli işgəncə ilə öldürülüb.
Daha sonra zərərçəkmişlər ifadə veriblər.
Serjant Zaur Əliyev deyib ki, onu ezamiyyət bəhanəsi ilə çağırıblar.
“Maskalı şəxslər bizə hücum etdilər, soyundurdular. 13 nəfər idik, adlarımızı batalyon komandiri vermişdi. Amma niyə o, məsuliyyətə cəlb edilməyib?” o sual edib.
Əliyev general Orucovdan şikayəti olmadığını, əməkdaşları işgəncələrə şahidlik edən Hərbi Prokurorluqdan şikayəti olduğunu deyib.
İşgəncələr səbəbindən əlil qalan Orxan Səfərov bölmə komandiri olduğunu və digər saxlanılan şəxslərlə birlikdə ona da işgəncə verildiyini bildirib.
“Məni postdan götürüb korpus komandiri Mais Bərxudarovun yanına apardılar. O, düşmənə işləyən neçə nəfər olduğumuzu soruşdu. Belə bir şey olmadığını dedim. Onun əmri ilə mənim qolumu burdular, aparıb bir həftə işgəncə verdilər”, zərərçəkən bildirib.
O, müttəhimlərin Kazımova və Rəcəbova işgəncə verənlər arasında olduqlarını, general Orucovdan isə təhqiredici ifadələr eşitdiyini təsdiq edib.
Digər zərərçəkmişlər də işgəncələr haqqında danışıblar. Proses aprelin 20-də davam edəcək.
2017-ci ildə Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliynin birgə bəyanatında hərbiçilər arasında bir qrup satqının ifşa edildiyi haqqında məlumat yayıb.
Kütləvi həbslər olub. Amma 2017-ci ilin may-iyun aylarında saxlanılanlara işgəncə verildiyini ictimaiyyət 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, onlardan 25-i uzunmüddətli həbsə məhkum edilib və ən az 9 nəfər işgəncələr nəticəsində ölüb.
Qurbanların qohumlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət araşdırmanı bərpa edib.
2022-ci ilin dekabrında “Tərtər işi” üzrə 19 müttəhim həbsdən azad edilib. Onlardan 10-na bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.
İşgəncələr altında özünü təqsirli bilən bir neçə nəfər indiyədək həbsdədir.
Bu cinayətlərə görə bir general da daxil olmaqla, bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib.