Aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində (Bakıdan 480 kilometr qərb) minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir ki, aparılan araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub.
"İşğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyanatlı torpaqların, viran edilmiş yaşayış məskənlərinin , məzarlıqların, bağların, su mənbələrinin ətrafının və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib. Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb", ANAMA qeyd edib.
ANAMA bir daha vətəndaşlara müraciət edərək yalnız təhlükəsiz marşrut xətlərindən istifadə edərək, marşrutdan kənar çıxmamağa, minatəmizləmə əməliyyatları icra olunan ərazilərdə müvafiq fəaliyyət həyata keçirməyə, sayıq olmağa və məsuliyyətli davranmağa çağırır.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 240 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.