Azərbaycanda "Kərimə" dövlətinin qurulması üçün yaradılmış "müqavimətçi dəstə" üzvlərinin həbs edildiyi deyilir

Azərbaycanda "Kərimə" dövlətinin qurulması üçün yaradılmış "müqavimətçi dəstə" üzvlərinin həbs edildiyi deyilir.

Bununla bağlı aprelin 6-da Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə video məlumat yayıb.

Məlumatda deyilir ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlərlə ələ alıblar.

Qeyd edilib ki, ona ölkədə silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan "Kərimə" dövlətinin qurulması məqsədilə "müqavimətçi dəstə" yaratması barədə tapşırıqlar veriblər.

"Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması üçün "müqavimətçi dəstə" təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib. Saxlanılan şəxslər özlərini cəmiyyətdə "dindar" kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər" , məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, dəstə üzvləri eyni zamanda, İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bu açıqlamaya hələlik sözügedən şəxslərdən, onların vəkillərindən və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Öz növbsində hüquq müdafiəçisi Rüfət Səfərov son günlər Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdikləri İranın xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ilə bağlı əməliyyat axtarış tədbirləri barədə verdikləri məlumatları Amerikanın Səsinə şərh edib. Onun sözlərinə görə, bu tədbirlər alqışlansa da, heç bir təqsiri, ictimai təhlükəli əməli olmayan inanclı şəxslər də şərlənir, cəmiyyətdən təcrid olunur.

"Əlbəttə, İran İslam Respublikası bir terror dövlətidir. Zaman-zaman Azərbaycanın müdafiə qabiliyyəti, ərazi bütövlüyü, milli təhlükəsizliyi, suverenliyi üçün təhdid mənbəyi olub, bu gün də buna cəhd edir. Ölkəmizdə casus şəbəkəsinin yaradılması üçün daim ciddi səylər göstərib, təəssüf ki, bəzi vətəndaşlarımız bu tora şüurlu, ya da şüursuz olaraq düşüb, dövlətə xəyanət yolu tutub. Bu mənada güc və xüsusi xidmət orqanlarının sərt və adekvat tədbirlərini alqışlayıram, doğru sayıram. Amma burada "qurunun oduna yaş da yanır". Heç bir təqsiri, ictimai təhlükəli əməli olmayan inanclı şəxslər şərlənir, cəmiyyətdən təcrid olunur. İnsanlar kütləvi surətdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir ki, bu da bizdə əsaslı şübhələr yaradır," hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, artıq saxlanmaların sayı-hesabı itib.

"400-dən artıq dindarın həbs edildiyinə dair məlumatlar yayılır. Biz konkret rəqəmləri müəyyən etməkdə hələlik çətinlik çəkirik. Xüsusilə, deputat Fazil Mustafaya edilən terror aktında ittiham edilən İlkin Süleymanovun işinə diqqət edək. Adamı terrorist, casus kimi sosial şəbəkələrdə, mediada "ifşa" etdikdən bir qədər sonra hadisə baş verən zaman kafedə domino oynadığını (alibi) əks etdirən görüntülər meydana çıxdı. Bu görüntülürdən, maddi sübutdan sonra istintaq ittihamın istiqamətini dəyişib, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirdi ki, bu maddə də Azərbaycan hüquq təcrübəsində növbətçidir. Bir sözlə, əgər söhbət kütləvi həbs və repressiv tədbirlərdən gedirsə, burada hüquq keçir arxa plana" , o bildirib.

İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlarını davam etdirməkdədir. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

Ötən il noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Bununla bağlı beş Azərbaycan vətəndaşının həbs edildiyi deyilirdi. Həmin dönəm İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır: "Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır".

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum oldu. Səfirliyin bir əməkdaşı həlak oldu, ikisi yaralandı. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə etdi. İran silahlı hücumun araşdırılacağını bəyan edib.