Mehman Hüseynov: Xaricdəki blogerlərlə Azərbaycandakı blogerlərin rahatlığı tam başqadır

Mehman Hüseynov

Bloger Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində "Media haqqında" yeni qanunun blogerlərin fəaliyyətinə təsiri, blogerin insanlara informasiya çatdırılmasında rolu və feyk informasiyalar barədə danışıb.

Amerikanın Səsi: "Media haqqında" yeni qanun Azərbaycanda blogerlərin fəaliyyətinə necə təsir edib?

Mehman Hüseynov: İlk öncə ondan başlamaq lazımdır ki, Azərbaycanda blogerlik nə deməkdir? Blogerin fəaliyyəti nədir? Blogerlər nə ilə məşğul olmalıdır? Yəni rəsmi olaraq hansısa qanun kitabında yazılmayıb ki, bloger bu işlə məşğul olmalıdır və blogerin fəaliyyəyi bu qanunla tənzimlənir. Ona görə də "Media haqqında" yeni qanun blogerlərə, onların fəaliyyətinə necə təsir edəcək, onu dəqiq deyə bilmərik. Amma mən sırf özümdən danışıramsa, mən həm blogerəm, həm jurnalist hesab olunuram. Yenə də öz fikrimdə qalıram ki, hər hansı bir bloger, hər hansı bir jurnalist düz bildiyini, düz araşdırdığını və ictimaiyyətə təqdim etdiyi məlumatların arxasında duracaqsa və bilir ki, bu düzdür, düşünürəm ki, o nə "Media haqqında" qanun haqqında fikirləşməlidir, nə digər problemlər haqqında fikirləşməməlidir. Əgər jurnalist ictimaiyyətə düzgün informasiya çatdırırsa bunu etməlidir. Heç bir qanun ona mane ola bilməz.

Your browser doesn’t support HTML5

Mehman Hüseynov: Xaricdəki blogerlərlə Azərbaycandakı blogerlərin rahatlığı tam başqadır

Amerikanın Səsi: Qanunda blogerlik fəaliyyəti ilə bağlı birbaşa norma olmasa da, informasiya yayımı fəaliyyəti ilə bağlı normalar var. Bu normalar blogerlərin özünüsenzurasına səbəb ola bilərmi?

Əgər hər hansı bir jurnalisti, blogeri fəaliyyətinə görə cəzalandırmaq istəyirlərsə bunu mütləq şəkildə qanuni etmək lazım deyil. Yəni yüz cür bəhanə və başqa problemlər tapa bilərlər.

Mehman Hüseynov: Zatən özünüsenzura məsələsində "Media haqqında" yeni qanuna ehtiyac yoxdur. Mən illər əvvəl blogerlik fəaliyyətinə başlayanda onda "Media haqqında" yeni qanun yox idi, amma mən yenə də təzyiqlərlə üzləşirdim. Polis bölmələrinə düşürdüm, işgəncələrə məruz qalırdım, həbsə düşmüşəm, həbsdə ola-ola yeni cinayət işi açmışdılar. Yəni bunlar qanunla tənzimlənmir. Əgər hər hansı bir jurnalisti, blogeri fəaliyyətinə görə cəzalandırmaq istəyirlərsə, bunu mütləq şəkildə qanuni etmək lazım deyil. Yəni yüz cür bəhanə və başqa problemlər tapa bilərlər. Ona görə də düşünürəm ki, qanunda yazılmasa da, internet əgər əlimizin altındadırsa, youtube-dən sərbəst istifadə edə bilirəmsə, tik-tok, instaqram və digər sosial medialardan istifadə edə bilirəmsə heç bir senzura bunun qarşısını ala bilməz. Sadəcə mən məlumatları qanun çərçivəsində yaymalıyam. Ona görə də heç bir senzura haqqında fikirləşmək lazım deyil. Yenə deyirəm, Azərbaycanda hər hansı bir blogeri, jurnalisti cəzalandırmaq istəsələr bunun üçün "Media haqqında" yeni qanuna ehtiyac yoxdur.

Amerikanın Səsi: Azərbaycan blogerlərinin fəaliyyəti ilə ölkə ictimaiyyəti informasiya mənbələrinə çata bilirmi? Yəni blogerlər informasiyanı dəqiq olaraq, feyksiz cəmiyyətə çatdıra bilirmi?

Yerli blogerlərin informasiya əldə etmək imkanları sıfırdır.

Mehman Hüseynov: Yerli blogerlərin informasiya əldə etmək imkanları sıfırdır. Çünki ən azı biz baxaq ki, akreditə olunmuş jurnalistlərin özləri normal informasiya əldə edə bilirlərmi? Baxsaq, araşdırsaq görərik ki, heç jurnalistlərin özünün də informasiyanı əldə etmək üçün imkanları yoxdur. Misal üçün, hər hansı bir akreditə olunmuş jurnalist Fövqəladə Hallar Nazirliyinə bir sorğu göndərsin, onun deklarasiyasını tələb etsin. Məncə ona heç cavab da verməyəcəklər. Bloger olsun, qanuni jurnalist olsun, bu ölkədə heç kimin informasiya əldə etmək rahatçılığı yoxdur. Ona görə də hərə öz imkanları daxilində informasiyanı əldə etməlidir, araşdırmalıdır və ona istinad etməlidir ki, Konstitusiyada yazılıb hər bir vətəndaşın informasiya əldə etmək hüququ var. Konstitusiyaya istinasd edib bu işlə məşğul ola bilər.

Amerikanın Səsi: Blogerlərin yaydığı informasiyalarda feyk informasiyalar nə qədərdir, təxminən neçə faizini təşkil edə bilər? Ölkənin qanunvericiliyində bunun hüquqi rejimi necə nizamlanır?

Hər bir insan, jurnalist, bloger və vətəndaş ictimaiyyətə çatdırdığı informasiyanın düzgünlüyünə, reallığa uyğunluğuna əmindirsə onu paylaşa bilər.

Mehman Hüseynov: Baxaq ki, ölkə daxilində blogerlik hansı istiqamətlərə bölünür. Yemək blogerliyi ilə məşğul olan var, siyasi blogerliklə məşğul olan var, moda ilə məşğul olan var. Yəni biz siyasi blogerliklə məşğul olanların hansı informasiyaları paylaşdığına baxaq. Ölkədə bir iki ad çəkə bilərəm ki, siyasi blogerliklə məşğuldur. Onlardan biri mənəm. Yenə deyirəm ki, hər bir insan, jurnalist, bloger və vətəndaş ictimaiyyətə çatdırdığı informasiyanın düzgünlüyünə, reallığa uyğunluğuna əmindirsə onu paylaşa bilər. Onun üçün nə jurnalist vəsiqəsi lazımdır, nə də qanun lazımdır. Həmin vətəndaşın da, jurnalsitin də, blogerin də sosial mediaya çıxış imkanları var. Sosial media vasitəsi ilə düzgün hesab etdiyi, hər hansı qeyri-qanuni əməllərə çağırış etməmək şərti ilə informasiyanı paylaşa bilər. Məsələn, hər hansı bir nazir, məmur ola bilər ki, blogerin, vətəndaşın qonşusudur. O bilir ki, onun evi var, maşınları var, həmin informasiyanı paylaşa bilər. Düşünürəm ki, burada problem yoxdur. Problem ondadır ki, xaricdə olan siyasi blogerlər də var. Onların yaydıqları məlumatları dəqiqləşdirmək qeyri-mümkündür. Bunu nizamlamaq heç cür mümkün deyil. Ola bilsin ki, onların yaydığı yüz informasiyadan 70-80-ni yanlışdır, 20-si düzgündür. Amma, o da qanunla tənzimlənmir. Yəni Azərbaycandan kənarda fəaliyyə göstərmək tam başqa bir hissdir, tam başqa bir komfortdur. Söyüş də, təhqir də, tənqid də istifadə edə bilərsən, qırmızı cızıqları da keçə bilərsən, kiminsə nəslini də, kökünü də söyə bilərsən. Bilirsən ki, səni Azərbaycan Respublikasının qanunları ilə heç kim cəzalandırmayacaq. Ona görə düşünürəm ki, xaricdə olan blogerlərlə Azərbaycanda yaşayan blogerlərin fərqi və konfortluğu tam başqadır. Yerli blogerləri, jurnalistləri cəzalandırmaq üçün onların yaydığı informasiyalar o qədər önəmli deyil. Yəni yuxarıdan cəza qərarı veriləndə xuliqanlıqla, narkotiklə və digər maddələrlə tuta bilərlər.

Amerikanın Səsi: Amma xaricdə olan blogerlərə bu aid edilmir?

Mehman Hüseynov: Bu xaricdə olan blogerlərə çatmır. Mən yenə deyirəm ki, orda Azərbaycan Respublikasının qanunları işləmir. Adam Almaniyada, Hollandiyada komfort şəriatdə rahatdır. Bilir ki, informasiya düz olsa, səhv olsa buna görə cəza daşımır və cəzalanmayacaq. Amma Azərbaycanda vətəndaş, jurnalist, bloger hər hansı bir sözü deyirsə, o söz o dərəcədə inamlı olmalıdır ki, onu məhkəmədə də, digər prosedur işlərdə də sübut edə bilsin və arxasında dura bilsin.

Qeyd: Bu Mehman Hüseynovun fikirləridir. Rəsmi Bakı ölkədə fundamental azadlıqların tam təmin edildiyini, medianın və blogerlərin sərbəst informasiya toplaması, fəaliyyəti üçün hər cür şəraitin yardıldığını bildirir. Hökumət media subyektlərini vergilərdən azad edib. Dövlət rəhbərləri insanların fikirlərinə, sözlərinə, yazılarına və iradələrinə görə təqib olunmadığını bəyan edir. Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları ölkədə yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Onların arasında 6 nəfər jurnalist və bloger var.