İranda hökumət tərəfindən yeni il üçün müəyyən edilən minimum əmək haqqı 27% artırılıb. İranda fəhlə sinfinin nümayəndələri minimum əmək haqqının artımının inflyasiya ilə müqayisədə çox aşağı olduğunu deyirlər.
Hökumət minimum əmək haqqının ölkədə rəsmi inflyasiya əsasında müəyyən edilməsinə məhəl qoyulmayıb ki, bu da İran və İran Azərbaycanında fəhlə həmkarlar ittifaqı nümayəndələrinin tənqidinə səbəb olub.
İran Mərkəzi Bankının yanvar ayında bildirdiyinə görə, ölkədə inflyasiya 43,6%-ə çatıb. İranda mərkəzi bankın açıqladığı faktiki inflyasiyanın 43,6% olduğu halda, işçilərin maaşlarında artımın 27% olması işçilərin minimum əmək haqqının müəyyən edilməsində inflyasiyanın nəzərə alınmadığını göstərir.
Şərqi Azərbaycan vilayəti Fəhlə Həmkarlar İttifaqları İdarə Heyətinin üzvü Möhsün Təbrizi İLNA xəbər agentliyi ilə müsahibədə deyib ki, "Ali Əmək Şurasının iclasında iştirak edən nazirlər işçilər üçün təyin etdikləri eyni maaşlarla cəmi bir ay yaşamağa razı olarlarmı?"
"Nə üçün onlar fəhlə ailələrinin əsas ehtiyacları ilə oynayırlar və işçilərin və onların ailələrinin dolanışığına, yeməklərinə, geyimlərinə, təhsilinə və səhiyyə xərclərinə fikir vermirlər və fəhlə süfrəsini kiçikləşdirməyə çalışırlar?" - deyə, Təbrizi sual edib.
Qəzvin İşçi Evi Təşkilatının icraçı katibi Eydəli Kərimi İLNA xəbər agentliyinə işçilərin minimum əmək haqqının 27% artırılması ilə bağlı deyib ki, Əslində, bu qədər əmək haqqı fəhlələri işləmək üçün kifayət qədər həvəsləndirmir.
İşçilərin maaşlarının 27 faiz artırılmasını tənqid edən Kərimi deyib: "Təəssüflər olsun ki, Əmək Nazirliyi qanuni vəzifələrinə məhəl qoymadan fəhlə sinfinə düzəlməz zərbə vurdu".
Qəzvin Fəhlə Evi Təşkilatının məsulu bu il işçilərin əmək haqqını təsdiq edilməsində ədalətsizliyə görə hökumətin əmək nazirini günahlandırıb və deyib: "İşçilərin mənafeyini təmin etmək əmək nazirinin vəzifəsidir. Əgər əmək naziri işçi sinfinin hüquqlarını təmin etməkdə özünü aciz hiss edirsə, bunu qəbul etsin."
İşçi Həmkarlar İttifaqı nümayəndələri hökumətin işçilər üçün minimum əmək haqqının müəyyən edilməsi ilə bağlı qərarında əmək qanunlarının nəzərə alınmadığını deyir. Onlar son illəə işçilərin minimum əmək haqqının artımının həmişə inflyasiya səviyyəsindən xeyli aşağı olduğunu bildirir.