Ağ Ev Azərbaycanı və Ermənistanı gərginliyi azaltmağa çağırır

Con Kibri

Martın 21-də Ağ Ev Azərbaycan və Ermənistanı gərginliyi azaltmağa çağırıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərin administrasiyanın davam edən münaqişə ilə bağlı mövqeyi barədə sualın cavabında bildirib: "Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq. Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik".

Eyni zamanda, o, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahat olub-olmaması ilə bağlı sualı şərh etməyib.

Öz növbəsində Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel martın 21-də ənəvəi brifinq zamanı Turan agentliynin müxbirinin sualının cavabında bildirib ki, Dövlət katibi Antoni Blinken ABŞ-ın münaqişənin həllinə sadiqliyini bir daha təsdiqləyib.

Turanın müxbirinin Blinkenin prezident Əliyevlə söhbəti zamanı insan haqları məsələsini qaldırıb-qaldırmadığı sualına Patel cavab deyib ki, o, danışıqların təfərrüatlarını bilmir, "amma insan haqları bizim bütün tərəfdaşlarımızla, o cümlədən Cənubi Qafqazda mütəmadi olaraq qaldırdığımız bir məsələdir" , Patel qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken martın 20-də Ermənistanın Baş Naziri Nikol Paşinyanla, martın 21-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patelin verdiyi açıqlamaya görə, Blinken Azərbaycan Prezidenti İlham Əıliyevlə söhbət zamanı Vaşinqtonun Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh danışıqlarına vasitəçilik etmək təklifini irəli sürüb.

"Dövlət katibi Blinken qarşıda duran məsələlərə həll yolu tapmağı təşviq edib və hərbi həll yolunun mövcud olmadığını vurğulayıb" , açıqlamada deyilir.

ABŞ-ın baş diplomatı, həmçinin Xankəndi-Laçın yolunun ticari və özəl avtomobillərə açıq olmasının vacibliyini qeyd edib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Antoni Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışğı ilə bağlı isə aşağıdakı məlumatı yayıb.

"Dövlət katibi Antoni Blinken martın 20-də Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb və Azərbaycanla ikitərəfli sülh müzakirələrinin aparılmasında ABŞ-ın davamlı yardımını təklif edib. Dövlət katibi Blinken Ermənistanın sülhə davamlı sadiqliyinə görə baş nazir Paşinyana təşəkkür edib və həll olunmamış problemlərin həllində irəliyə doğru konkret addımlar atmağa təşviq edib. O, ABŞ-ın Cənubi Qafqazda davamlı sülhü dəstəkləmək üçün birbaşa danışıqlara və diplomatiyaya dəstəyini təkrarladı və hərbi həllin olmadığını vurğuladı", məlumatda qeyd edilir.