Azərbaycan Qarabağın erməni icmasını görüşə dəvət edir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Öz növbəsində tanınmayan Dağlıq Qarabağın prezidentinin müşaviri kimi təqdim edilən David Babayan Ermənistanın News.am saytına bildirib ki, Stepanakertlə (Xankəndi) Bakı arasında danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür.

“Bakının media vasitəsilə yaydığı “təklif” bir daha danışıqlar aparmağa hazırlaşmadığını sübut edir. Birincisi, danışıqlar prosesinə gəlincə Artsax (Qarabağ) həmişə problemin danışıqlar və sülh yolu ilə nizamlanmasının tərəfdarı olub. Amma danışıqlar yalnız bərabərhüquqlu tərəflər arasında, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təmsil etdiyi beynəlxalq vasitəçilərin iştirakı ilə aparıla bilər. Format – Artsax (Qarabağ), Azərbaycan, Ermənistan - hələ 1994-cü ildə müəyyən edilib. İkincisi, beynəlxalq səviyyədə qəbul edilmiş davranış forması var. Əlbəttə əgər dəvət görüntü yaratmaq yox, danışıqlar aparmaq məqsədidirsə, onda dəvət media vasitəsilə ötürülmür. Məktub media vasitəsilə deyil, vasitəçilər vasitəsilə və ya birbaşa ötürülməlidir. Üçüncüsü, Bakıya xatırladırıq ki, “Dağlıq Qarabağın erməni icması” yoxdur. Dağlıq Qarabağ Respublikası tanınmamış olsa da, dövlətdir. Azərbaycan üçün isə tanınmamaq heç də maneə deyil, bunu onun qondarma Şimali Kipr Türk Respublikası və Tayvanla əlaqələri sübut edir. Yuxarıda deyilənlərə əsasən demək olar ki, Bakı açıq şəkildə danışıqlar prosesinin bərpasını istəmir”, Babayan vurğulayıb.

Rəsmi Bakı hələ Babayanın açıqlamasına münasibət bildirməyib.

Martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs olan Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Ramin Məmmədov görüşdən sonra bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar davam etdiriləcək.

Bundan sonra martın 5-də Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insident qeydə alınıb. Hər iki tərəfdən ölənlər və yaralananlar olub.

Azərbaycanın ekofəalları artıq 91 gündür Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edir. Aksiya iştirakçıları Azərbaycanın rəsmi qurumlarının faydalı qazıntı yataqlarında monitorinq aparılması üçün buraxılmasını və Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüş tələb edir. Bu günədək fəalların tələbləri yerinə yetirilməyib.

Ekspertlərin fikrincə, regionda gərginlik davam edir və silahlı insident baş verməsi mümkün ola bilər.