Sina Mirzayi: İran hakimiyyəti məhbusların əfvindən repressiya mexanizmi kimi istifadə edir

Sina Mirzayi

Politoloq və hüquq müdafiəçisi Sina Mirzayi Amerikanın Səsinə müsahibədə İranda bir çox siyasi məhbusun əfv sərəncamı ilə sərbəst buraxılması və İran İslam Respublikasının əfv sərəncamı ilə daxili və xarici siyasətdə hədəflərini şərh edib.

Mirzayi İrah hakimiyyətinin əfv sərəncamından da bir repressiya mexanizmi kimi istifadə etdiyini vurğulayıb.

Your browser doesn’t support HTML5

Sina Mirzayi: İran hakimiyyəti məhbusların əfvindən repressiya mexanizmi kimi istifadə edir

"İran İslam Cümhuriyyəti əfvi də bir repressiya mexanizminə dönüşdürür... Hakimiyyət etirazların ilk günlərində minlərlə insanı həbs edərək qüdrətini göstərmək istəsə, indi də bu əfvlə göstərmək istəyir ki, biz istədiyimiz zaman etiraz edənləri həbs edərik, əzərik və onlardan qorxmadığımız üçün də istədiyimizdə onları əfv edərik," hüquq müdafiəçisi söyləyib.

O əlavə edib: "İran məhkəmə sisteminin sözçüsü Məsud Sitayişi açıqlamalarında təhdid edib deyir ki, əfvdən yararlanaraq azad olanlar yenə də fəaliyyətlərinə davam etsələr, bu fəaliyyətlərin hamısı təqib və nəzarət altında olacaq. Bu da məhkəmə sistemi ilə təhlükəsizlik orqanlarının iç-içə çalışdığını göstərir. Hakimiyyət qüvvələrinin sosial mediadakı təbliğatında da əfv məsələsində rəhbəri mehriban və şəfqətli bir ata kimi göstərdiklərini görürük. Bəzi islahatçılar da bunu milli barış olaraq adlandırırlar."

SEE ALSO: Sina Yusufi: İranda əfv sərəncamı ilə sərbəst buraxılanlara imzaladılan 'yazılı təəhhüdün' hüquqi dəyəri yoxdur

Bəzi fəallar əfv sərəncamının İranda siyasi məhbusların sayının həddindən artıq olduğu üçün verildiyini önə çəkirlər. Ancaq Sina Mirzayi bunun önəmli bir faktor olmadığını deyib.

"Bu bir faktor olsa da önəmli bir faktor olduğunu düşünmürəm. İran İslam Cümhuriyyəti üçün iqtisadi xərclər və ya həbsxana xərcləri ikinci plandadır. Məncə, bu həbslərin İran üçün gətirdiyi siyasi xərclər daha çox önəmlidir. Mən inanıram ki, hakimiyyət bu gün istəsə o təcridxanalarda və həbsxanalarda məhbusları bir-birinin üstünə qoyar və heç kimə də cavabdeh olmaz. Biz buna şahid olmuşuq. İşgəncəyə, özxoşuna edam cəzalarına şahid olmuşuq. İranın həbsxanaları da zatən standart deyil,"o bildirib.

Politoloq İran hakimiyyətinin əfv sərəncamı ilə daxildə itirdiyi legitimliyini yenidən bərpa etməyə çalışdığını hesab etdiyini bildirib.

SEE ALSO: Sina Mirzayi: İran hakimiyyəti qeyri-mütənasib güc tətbiq edir, silahsız əhaliyə atəş açır

"Etirazlardan sonra gördük ki, dövlət qurumları içində çatlar yaranıb. Məncə, bu çatları aradan qaldırmaq, siyasi xərci azaltmaq və məşruiyyətini az da olsa yenidən çoxaltmaq hədəfi var burada," Sina Mirzayi qeyd edib.

O, əfv sərəncamının beynəlxalq ictimmaiyyətin nəzərində İslam Respublikasının imicini düzəltməsi işinə böyük təsiri olmayacağını düşündüyünü deyib.

"Bu son etirazlardan sonra beynəlxalq ictimaiyyətdə İranla bağlı zehniyyətin böyük bir şəkildə dəyişdiyini görürük... BMT-nin insan haqları şurasında İranla bağlı səsvermədə bunu görürük. İran beynəlxalq ictimaiyyətdə yalnızlaşıb. Bu əvvəllər də var idi, ancaq indi açıq-aşkar görünür. Bir də bu [BMT-nin İrandakı son etirazlarla əlaqədar təşkil etdiyi] fakt-araşdırma missiyası məsələsi var. Bu əfv sərəncamı bəlkə İranın söyləmini gücləndirə bilər. Ondan bir kart kimi istifadə edə bilər. Amma bundan artıq olmaz. Yəni, mən düşünmürəm ki, beynəlxalq ictimaiyyətdə dövlətlərin İranla bağlı mövqeyini dəyişdirər və ya bu əfv üçün İranı bir şəkildə tərifləyib və təbrik, təşəkkür edəcəklərini düşünmürəm," Sina Mirzayi qeyd edib.