İran Xoy zəlzələsindən zərərçəkənlər üçün Rusiya və Ermənistandan humanitar yardım qəbul edib

Rusiyanın Xoy zəlzələsinə humanitar yardımları (Foto mənbə: Rusiyanın İrandakı səfirliyinin Instagram hesabı)

İran mediasında yayımlanan xəbərlərdə bildirilir ki, İran Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də baş verən zəlzələdən zərərçəkənlər üçün Ermənistan və Rusiyadan humanitar yardım alıb.

Tasnim xəbər agentliyi Rusiya humanitar yardım yüklərinin Ermənistan sərhədindən İrana gətirilərək Xoy şəhərinə aparıldığını bildirib. Bu humanitar yardımlar İran Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə çatdırılıb.

Ermənistan İctimai Radiosu (armradio.am) internet saytının farsca bölməsində dərc olunan xəbərə görə, Rusiya-Ermənistan Humanitar Müdaxilə Mərkəzi tərəfindən 5 yük maşını ilə çadır, qatlanan çarpayı və yorğan kimi humanitar yardımlardan ibarət 23 tonluq yük İrana göndərilib.

Habelə yarı-rəsmi İSNA xəbər agentliyi Rusiya səfirliyinin sosial media hesabına istinadən fevralın 8-də Rusiya Fövqəladə Hallar Nazirliyinə aid olan bir təyyarə ilə 35 ton ərzaq və digər humanitar yardımları şamil olan yükü Urmiyə hava limanında İranın Qızıl Aypara Təşkilatına çatdırıldığını xəbər verib.

Rusiya və Ermənistanın Xoy zəlzələsindən zərərçəkənlərə yardımının İrana çatmasına baxmayaraq, Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəsmi Twitter hesabı daha əvvəl İranın Xoy zəlzələsindən zərərçəkənlərə yardım təklifini rədd etdiyini açıqlamışdı.

Türk Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınık da yanvarın 30-da yazdığı tvitində, "zəlzələdən dərhal sonra onlara kömək təklifimizi açıqladıq, lakin onlar zəlzələnin miqyasını özləri idarə edə biləcəkləri dərəcədə açıqladılar və təşəkkür etdilər" deyə qeyd etmişdi.

Lakin İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd bu yaxınlarda “Şərq” qəzeti ilə söhbətində Türkiyənin Xoy zəlzələsindən zərərçəkənlərə təklifindən bəhs edib və deyib:

“Onlardan bizə nə yazılı məktub, nə də zəng gəlib, ona görə də o tvit hekayəsi heç də doğru deyildi və mən onlarla bu təkliflə bağlı danışanda onlar da xəbərsiz idilər. Nəticədə bu məsələ media yaramazlığı idi və əziz insanlar bu hallarda daha diqqətli olmalıdırlar və bu Twitter hesabı həqiqi deyildi.”

O, daha sonra Rusiyanın yardımına toxunaraq, “Rusiyanın yardım təklifi realdır və yardımını bizə göndərir” deyib.

Keçən yanvarın 28-də Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində 3 nəfər həyatını itirib, mindən çox insan yaralanıb. Zəlzələdən sonra çadırlarda standarda uyğun olmayan istilik cihazlarından istifadə nəticəsində həyat itkiləri artıb.