Xoy zəlzələsindən sağ çıxan iki nəfərin fevralın 4-də qeyri-standart istilik cihazlarından istifadə səbəbindən təcili yaşayış çadırlarında həyatını itirməsindən sonra zəlzələ qurbanlarının qaldığı çadırlarda həmin istilik cihazlarından dolayı yanğın baş verib.
İran mediasının yaydığı məlumatına görə, fevralın 5-də Xoyun Vəliəsr qəsəbəsində iki təcili yardım çadırı yanıb, ancaq itki olmayıb.
Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Məhbubi mətbuata bildirib ki, qeyri-standart qaz sobasının aşması səbəbindən çadırlardan biri alovlanıb və yanğın ikinci çadıra keçib. Qızıl Aypara Cəmiyyətinin əməkdaşları alovun üçüncü çadıra keçməsinin qarşısını alıb, lakin yanğınla mübarizə zamanı cəmiyyətin əməkdaşlarından dörd nəfəri səthi yanıq xəsarətləri alıb.
Xoy zəlzələsindən zərərçəkənlərin çadırlarında qeyri-standart istilik cihazlarından istifadə indiyə qədər 140 nəfərin qazdan zəhərlənməsinə səbəb olub.
Soyuq mövsümdə uzun müddət çadırlarda yaşamaq mümkün deyil, ona görə də Azərbaycan milli fəalları zəlzələ qurbanlarının daha təhlükəsiz sığınacaqda qalması üçün vaqon sığınacaqların verilməsinin vacibliyini vurğulayırlar.
Həmçinin Xoy şəhərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə fevralın 6-da media ilə söhbətində Xoyda zəlzələdən zərər çəkmiş əhali arasında ehtiyac duyulan "avadanlıqların paylanmasında böhranın olmasını" tənqid edib.
İran parlamentinin bu üzvünün sözlərinə görə, "ölkənin mövcud texnologiyaları və qurumların imkanları" Xoyda zəlzələdən zərər çəkmiş əhaliyə prefabrik vaqon sığınacaqları tikib insanların istifadəsinə verə bilər, "lakin təəssüf ki, hələ də belə bir addım atılmayıb. "
İran parlamentinin üzvünün hökuməti zəlzələ qurbanlarına lazımi diqqət yetirmədiyinə görə tənqid etməsi ilə yanaşı bölgədə zəlzələdən zərər çəkmiş vətəndaşlar da sosial şəbəkələrdə yayılan videogörüntülərdə hökumətin zəlzələnin təsirinə məruz qalmış ərazilərə əhalinin ehtiyac duyduğu ləvazimatlar və təchizatlar göndərməkdə ləng davrandığını tənqid edir.