Accessibility links

Xoy zəlzələsində zərər çəkənlər digər şəhərlərdən yardım istəyir, hökumət ləng davranır


Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də baş verən 5.9 bal gücündə zəlzələdən günlər sonra xəsarət alan əhali və mədəni fəalar dövlətin yürütdüyü yardım fəaliyyətlərinin nizamsız, ləng və yetərsiz olduğunu deyirlər.

Sosial şəbəkələrdə zəlzələ bölgəsindən paylaşılan videolarda zərər çəkən insanlar dövlətin bir tərəfdən lazımi yardımı göstərməməsindən, digər tərəfdən isə vətəndaşların yardım fəaliyyətlərinə mane olmasından şikayətlənirlər.

Həftəsonu, Xoyda havanın qarlı və temperaturun 8 dərəcə sıfırın altına düşəcəyi gözlənilir. Lakin, sosial şəbəkələr və xəbər agentliklərində yayımlanan görüntülər və rəsmilərin də təsdiq etdiyi məlumata görə, zəlzələ nəticəsində evsiz qalan çox sayda ailə soyuq qış mövsümündə müvəqqəti məskən və istilik cihazları ilə təmin olunmayıb. Evsiz qalanların bir çoxunun gecəni soyuq hava üçün uyğun olmayan çadırlarda keçirdiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan videoların birində zəlzələ bölgəsində yaşayan bir qadının “digər şəhərlərdən gələn yardım maşınlarının önünün kəsilməsinə” etiraz etdiyi görünür.

“Məsul! Sən niyə qoymursan bu millət keçinə? Cebindən vermirsən ki, xalq verir, onu da qoymursan... Allahdan qorxun maşınların qabağını [kəsməyin]. Gecədir, qaranlıqdır, soyuqdur. Soba yox, qaz yox. Qalmışıq eşikdə. Xəstələnirik. Pis gündəyik, Allahdan qorx, qoy Salmasdan maşınlar gələ. Sən vermirsən ki, millət verir, onu da qoymursan! Bəsdir,” videodakı qadın söyləyir.

Zəlzələ bölgəsindəki bütün çatışmazlıqlara rəğmən, İran rəsmiləri Türkiyənin yardım təklifini rədd etdikdən sonra Azərbaycan Respublikasının göndərmək istədiyi yardımları qəbul etməyiblər.

Türkiyənin Anadolu dövlət agentliyi Azərbaycan Respublikasının diplomatik mənbələrinə istinadən bu barədə məlumat yayıb.

“Bu mənbələrin bildirdiyinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun ardınca iki dövlət arasında yaranan gərginliyə baxmayaraq rəsmi Bakı Xoy zəlzələsində zərər çəkənlərə yardım göndərməyi təklif edib ancaq İran rəsmiləri təklifi rədd ediblər,” Anadolu agentliyi yazıb.

Türkiyə və Azərbaycan Respublikasından gələn yardım təkliflərinin İran rəsmiləri tərəfindən rədd edilməsi ölkə daxilində də təpkilərə səbəb olub. İranın islahatçı və mötədil qruplarına yaxın olan Mardomsalari qəzeti mövzu ilə bağlı sosial media istifadəçilərinin etirazını dərc edib.

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də gecə saatlarında baş verən 5.9 bal gücündə zəlzələ, İran agentliklərinə istinadən, ən azı 3 nəfərin ölümü, mindən artıq insanın yaralanması ilə nəticələnib. Zəlzələ bölgəsində 10 minlərlə insanın evsiz qaldığı bildirilir. Rəsmi xəbər agentlikləri təqribən 10 min evin xəsarət aldığını yazıblar.

XS
SM
MD
LG