Azərbaycanın Lənkəran şəhərində (Bakıdan 247 kilometr cənub) gözəllik salonundan İrandan gətirlmiş narkotik və saxta ABŞ dollarları müsadirə edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, şübhəli şəxs qismində Lənkəran rayon sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılıb.
“Bu şəxslərdən 9 kiloqram 224 qram heroin, 2 kiloqram 330 qram metamfetamin olmaqla, ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan əlavə, 23 ədəd saxta 100 ABŞ dolları əsginazları müsadirə edilib. İlahə Məmmədova narkotik vasitə və saxta əsginazları özünün işlətdiyi Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib”, məlumatda qeyd edilir.
Aparılan araşdırmalarla məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginazları şəxsiyyəti istintaqla araşdırılan "Əfşin" adlı İran vətəndaşından satışını təşkil etmək məqsədi ilə əldə ediblər.
Məlumatda deyilir ki, ümumilikdə Lənkəranda polis əməkdaşları yanvar ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 nəfər saxlayıb. Onlardan 29 kiloqram narkotik vasitə, o cümlədən 23 kiloqram heroin, 3,5 kiloqram marixuana və 2,5 kiloqram metamfetamin aşkarlanaraq götürülüb.