Accessibility links

Həmədan, Qəzvin, Salmas və Xalxalda edamlar baş verib


Keçən təqribən 10 gün ərzində İran Azərbaycanının bir neçə şəhəri, habelə Kərəc və Ərak şəhərlərində ən az 20 məhkum dar ağacından asılıb. Hüquq müdafiəçiləri asılanların çoxunun narkotik maddə qaçaqmalçılığı ittihamları ilə əlaqədar edam edildiyini bildirir.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatının yaydığı məlumata görə, yanvar ayının 18-dən bəri Kərəc şəhərində narkotik qaçaqmalçılığı ittihamları ilə edama məhkum olmuş ən az 11 nəfərin ölüm cəzası tətbiq edilib.

IHR yanvarın 18-də Şərəf Xan Əkbəri və adı məlum olmayan başqa bir məhkumun, yanvarın 22-də Əhməd Zali, Saman Gərusi, Əbulfəz Bərqani, Sabin İsmailzadə və Ümid Kərəməlinin, yanvarın 26-da isə Məcid Şahməhəmmədi, Burcəli Kərəmi, habelə Rza və Ümid Şükri qardaşlarının Kərəcin mərkəzi həbsxanasında dar ağacından asıldıqlarını yazıb.

Həmədan şəhərinin mərkəzi həbsxanasında Əli Cəlilvənd və Əkbər Əhmədinin edam hökmü təqribən 10 gün öncə tətbiq edilib. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, narkotik qaçaqmalçılığı ilə əlaqədar edama məkum olmuş Cəlilvən və Əhmədi, ikisi də evli və uşaq sahibi idilər.

Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində Kamil Dudkanlı və Seyyid Fərhad Hüseyni yanvarın 19-da asılıblar. Dudkanlı və Hüseyni müvafiq olaraq narkotik maddə qaçaqmalçılığı və qətli ittihamı ilə mühakimə olunmuşdular.

Yanvarın 25-də Qəzvin həbsxanasında asılan 56 yaşındakı Rza Ağalə də qətl ittihamı ilə qisas cəzasına məhkum olunmuşdu.

Yanvarın 25-də Hamid Heydəri adında başqa bir məhkum da Ərdəbil vilayətinin Xalxal şəhərində edam edilib.

5 gün əvvəl Ərak şəhərinin mərkəzi həbsxanasında da üç məhkumun edam hökmü tətbiq edilib. Ərakda asılan məhkumlardan birinin adı Ümid Əzni olaraq açıqlanıb. IHR Ərakda edam edilən hər üç məhkumun narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar mühakimə olunduğunu bildirib.

XS
SM
MD
LG