Polis Azərbaycanda İranla əlaqəli olan 36 narkokuryeri saxlayıb

Daxili İşlər Nazirliyi

İranlı narkobaronların Azərbaycandakı havadarlarına qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıb, 114 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir ki, "Pünhan", "Baba", “Peyman", "Araz" və başqa şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıb.

"Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 36 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 114 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi çıxarılıb", məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, qeyd edilən şəxslərlə bərabər narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 30 nəfər də saxlanılaraq istintaqa təqdim edilib.

"Onlardan Pənah Quliyev, Ceyhun Abdullayev, Anar Əsgərli, Kamran Nəzərli, Xəyal Xəlilov, Kənan və Kamran Aslanov qardaşları ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs-qətimkan tədbiri seçilib".

Mətbuat xidməti bildirir ki, adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliynin məlumatına hələ nə İran ttərəfi, nə də saxlanılan şəxslərin yaxınları və vəkilləri münasibət bildirməyib. İranın Azərbaycandakı səfirliyi isə telefon zənglərinə cavab vermir.