İran prezidenti Tehranda Azərbaycan səfirliyinə silahlı hücumla bağlı Azərbaycan prezidentinə zəng edib

İlham Əliyev və Seyib İbrahim Rəisi (Rəsmi foto)

İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

“Dövlət başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərksilah etdiyini bildirib. Prezident İlham Əliyev terrorçu tərksilah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib. Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb”, məlumatda qeyd edilir.

İRNA agentliyinin məlumatında deyilir ki, İran prezidenti İbrahim Rəisi bildirib ki, “İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcəklər”.

İran hökumətinin başçısı qeyd edib ki, hücumun miqyası müvafiq orqanlar tərəfindən araşdırılır.

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Silahlı hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri həlak olub, diplomatik missiyanın 2 əməkdaşı yaralanıb. Səfirliyə silahlı hücum dünyada İrana qarşı kəskin tənqidlər doğurub.