Vəkil: Aclıq aksiyasının nəticəsi olaraq Bəxtiyar Hacıyevin səhhəti, psixoloji durumu hər gün ağırlaşır

Bəxtiyar Hacıyev

Vəkil Aqil Layıc yanvarın 16-da 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Bu barədə vəkilin özü məlumat verib.

“Bəxtiyar Hacıyevlə görüşdüm. Aclıq aksiyasının nəticəsi olaraq hər gün səhhəti, psixoloji durumu ağırlaşır. Qan şəkəri kifayət qədər aşağı düşüb“ - deyə, o bildirib.

Bundan əlavə vəkil, hüquqlarını müdafiə elədiyi Bəxtiyar Hacıyevin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili –Ombudsmanla görüşmək istədiyini bildirib.

Bu məsələ ilə bağlı hələlik Ombudsman aparatından şərh almaq mümkün olmayıb.

Yanvarın 16-da 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevə anası ilə görüş verilib. O bu gün həmçinin atası və qardaşı ilə telefonla danışıb.

“Bəxtiyar Hacıyev anasına aclığı davam etdirməkdə israrlı olduğunu bildirib. Anası deyib ki, Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlər var. O kifayət qədər arıqlayıb, gözlərinin altı qaralıb. Hacıyev anasına ağrılarını hiss etdirməməyə çalışsa da, anası onun səhhətindən çox narahatdır. Bu gün həkim Hacıyevi müayinədən də keçirib”, Bəxtiyar Hacıyevin anasına istinadən onun hüquqlarını ictimai müdafiə komitəsinin üzvü Rail Abbasov Amerikanın Səsinə deyib.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev hazırda aclığı davam etdirir: "O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır".

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.