Accessibility links

“Müdafiə Xətti”nin həmtəsisçiləri Avropa diplomatları ilə insan hüquqlarının durumunu müzakirə edib


Rüfət Səfərov və Zaur Əkbər Avropa İttifaqının diplonatları ilə görüşdən sonra (Mənbə "Müdafi Xətti" təşkilatı)
Rüfət Səfərov və Zaur Əkbər Avropa İttifaqının diplonatları ilə görüşdən sonra (Mənbə "Müdafi Xətti" təşkilatı)

Yanvarın 16-da “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov və Zaur Əkbərun Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri ilə geniş tərkibdə görüşü olub. Görüşdə Avropa İttifaqına daxil olan ondan çox ölkənin Bakıdakı səfirliklərinin insan haqları üzrə attaşeləri iştirak edib.

“Müdafiə Xətti” təşkilatının məlumatında deyilir ki, görüşdə ölkədəki insan haqlarının cari durumu, xüsusilə, Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun qanunsuz həbsi, həmçinin bir neçə gün əvvəl Gürcüstana girişi heç bir səbəb göstərilmədən əngəllənən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzinin məsələsi əsas müzakirə mövzusu olub.

“Biz Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitutun, Ziya Quliyevin rəhbərlik etdiyi Hüquqi Təşəbbüslər Mərkəzinin və "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının ofisdən çıxarılmasını, ölkədəki insan haqlarının ağır durumunu, insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması məsələsini hökumətlərinin Azərbaycan rəsmiləri ilə görüşlərində qaldırmaları ilə bağlı məsələləri də səfirliklərin nümayəndələrinin diqqətinə çatdırdıq. Onların dediklərində aydın oldu ki, həm Bəxtiyar Hacıyevin, həm də Tofiq Yaqublunun məsələsi ilə bağlı narahatdırlar, bu işlərlə ciddi məşğul olurlar”, Rüfət Səfərov Amerikanın Səsinə deyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq!" tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İnsan haqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 14-də Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut, Ziya Quliyevin rəhbərlik etdiyi Hüquqi Təşəbbüslər Mərkəzi və "Müdafiə Xətti" hüquq müdafiə təşkilatı 2015-ci ildən qərarlaşdığı Caspian Plaza Biznes Mərkəzindəki ofisindən çıxarılıb.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.

XS
SM
MD
LG