Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan mediasının iqtisadi durumundan və problemlərindən danışıb.
Amerikanın Səsi: Bir KİV orqanının rəhbəri kimi Azərbaycanda medianın iqtisadi durumunu necə qiymətləndirərdiniz?
Mehman Əliyev: İqtisadi durum çox pisdir. Heç bir dəyişiklik görmürük. Keçən il Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, reklamdan gəliri təxminən 18 milyon manat civarında olub. Bu da təxminən 10 milyon dollar edir. Onun da 90 faizi televiziya kanallarının payına düşür. Qalan artıq online, çap medialarına və sairə, təxminən 1 milyon dollar civarında vəsait düşür. Əlbəttə ki, bu çox azdır. Bu heç nədir. Yəni sıfır vəziyyətindədir. Bizdə Ümumi Daxili Məhsulun payında reklam bazarının həcmi təxminən 0,004 faizdir. Bu çox azdır. O deməkdir ki, Azərbaycan mediyası öz-özünü dolandıra bilmir. Onlar kommersiya layihələri kimi fəaliyyət göstərə bilməz.
Amerikanın Səsi: Medianın biznes subyekti kimi inkişafına maneə olan əsas amillər nədir?
Mehman Əliyev: Hakimiyyət istəmir müstəqil media olsun. Mütəqil medianın iqtisadi dayaqları 1998-ci ildən başlayaraq dağıdılmağa başlayıb. Demək olar ki, bu gün media bir kommersiya layihələri kimi özü-özünü dolandıra bilmir və ya hakimiyyətdən aslıdır. Burada da iki istiqamət var. Qara pullar ayrılır, bir də ki, Media Agentliyi tərəfindən verilən vəsaitlər var. Bu çox cüzidir, formaldır, görüntüdür. Əsasən qara kassadan ayrılan vəsaitlərdir.
Amerikanın Səsi: Media reyestrinin tətbiqi KİV-lərin fəaliyyətində hansı dəyişikliklər yaradıb?
Mehman Əliyev: Bilirsiniz, bu reyestr öz-özlüyündə qüsurlu bir sistemdir. Əslində, məsələn biz bu gün media reyestrin əsas tələblərinə baxsaq vergi ödəyicisiyik. Yəni vergilər xidmətində biz varıq. Biz Sosial Fonda vəsaitlər ödəyirik. Bizim işçilərlə müqavilələrimiz var. Biz Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Yəni bizdə elektron hökümət sistemi var, işləyir. Biz artıq bu sistemdə varıq. Bunun üçün artıq hansısa bir reyestrin yaranması, hesab edirəm ki, mənasızdır. Heç bir ölkədə yoxdur. Biz əvvəldən bunun əleyhinə çıxırdıq. Biz baxırıq ki, bu gün rədd cavabları gəlir bəzi KİV-lərə. Biz görürük ki, onlar asanlaşdırmaq üçün eləmirlər. Məhdudlaşdırmaq, mətbuatı sıradan çıxarmaq üçün edirlər. Biz baxsaq ki, hansı KİV-lər qeydiyyatdan keçib, həmin KİV-lərin hamısı hakimiyyətin qara kassasından maliyyələşdirilir. Biz bilirik ki, onlarda nə qədər işçi var. Onların real maaşları nə qədərdir. Göstərilən maaşlar nə qədərdir. Bu onu göstərir ki, reyestr onun üçün yaradılıb ki, onların istəmədiyi KİV-lər sıradan çıxsın.
Amerikanın Səsi: Bu reqlament müstəqil jurnalistikanın, azad medianın inkişafına necə təkan verəcək?
Mehman Əliyev: Azad medianın inkişafına heç bir təkan verməyəcək. Azad medianın inkişafına təkan vermək üçün birinci növbədə konsepsiya olmalıdır. Bu konsepsiya indiyə qədər yoxdur. Proqramlar olmalıdır. Ortada heç nə yoxdur. Sadəcə qanun qəbul ediblər. Reyestr yaradırlar. Reyestr də məhdudlaşdırıcı xarakter daşıyır. Məsələn deyirlər ki, gündə 20 məlumat hazırlayın. Qanun bunu tənzimləyə bilməz. Bu yaradıcı işdir. Məsələn, 70 nəfər əməkdaş var, amma 20 məlumat hazırlayır, 3 nəfər əməkdaş olan media isə 20 məlumat hazırlayır. Bu nə deməkdir? Bu anormal bir şeydir.
Qeyd: Bu, Turan İnformasiya Agentliyinin didektoru Mehman Əliyevin fikirləridir. Amerikanın Səsi Media İnkişaf Agentliyinin məsul şəxsləri ilə müsahibə almaq sorğusuna cavab verilməyib. Amma rəsmi Bakı bir qayda olaraq ölkədə söz və media azadlığının tam təmin edildiyini, bütün insanların, o cümlədən jurnalistlərin hüquqlarının qorunduğunu bildirir. Hökumət rəsmi olaraq media üçün ayrılan vəsaitlərin KİV-lərin inkişafına xidmət etdiyi vurğulayır.
Bundan əlavə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair hesabat konfransında bildirib ki, ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur. Əhməd İsmayılov qeyd edib ki, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digərlərinin müraciətləri baxılmaqdadır. Bundan əlavə Əhməd İsmayılov 180-nə qədər jurnalistin müraciətinin təsdiq edildiyini deyib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Media Reyestrindən keçməyən media subyektləri ilə bağlı məsələyə də aydınlıq gətiirib. Onun sözlərinə görə, Media Reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək.
Media haqqında qanunun tətbiqi haqqında
Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. 2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.
Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.