Ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur.
Bu barədə Azərbaycanın yerli mediasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun 2022-ci ilin yekunlarına dair hesabat konfransında dediyi fikirlərə istinadən məlumat yayılıb.
Əhməd İsmayılov qeyd edib ki, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digərlərinin müraciətləri baxılmaqdadır.
Bundan əlavə Əhməd İsmayılov 180-nə qədər jurnalistin müraciətinin təsdiq edildiyini deyib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Media Reyestrindən keçməyən media subyektləri ilə bağlı məsələyə də aydınlıq gətiirib.
Onun sözlərinə görə, Media Reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək.
"Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək" , o əlavə edib.
Öz növbəsində media hüquqları üzrə hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, bir sıra jurnalistlər Media Reyestinə daxil olmaq üçün müraciət etsələr də, imtina cavabı alırlar.
Hüquqşünas deyir ki, agentlik indiyə qədər reyestrə daxil edilən, qeydiyyatından imtina edilən medialar haqqındakı dəqiq statistik bilgiləri açıqlamayıb.
"Halbuki bu, onların qanuni vəzifəsidir. İndiyədək 20-yə yaxın media qeydiyyata alınmadıqları haqda bizə bildiriblər, hüququ məsləhət istəyiblər. Onlardan 9-u birbaşa məhkəməyə şikayət edib. Digərləri reyestrin tələblərinə uyğunlaşmaq yolunda məsləhətlərimizə uyğun hərəkət ediblər. Öz resurslarını reyestr tələblərinə uyğunlaşdırmaqla bağlı işlər görüb yenidən reyestr üçün müraciət ediblər. Məhkəmələrdə hələlik belə mübahisələrlə bağlı yekun qərar çıxarılmayıb", o bildirib.
Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. 2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.
Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.