Tofiq Yaqublu quru aclığı dayandırıb, hazırda 20 fəal aclıq edir

Tofiq Yaqublu və qızı Nigar Həzi

Yanvarın 15-də Tofiq Yaqublu quru aclığı dayandırıb, amma aclıq aksiyasını davam etdirir.

Bu gün Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyasına daha 4 nəfər qoşulub, 5 nəfər aclığı dayandırıb. Bir nəfər isə Tofiq Yaqubluya dəstək məqsədilə quru aclığa keçib.

7 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin sədri Əlzamin Salayev bu gün, yanvarın 15-dən quru aclığa başlayıb, su içməkdən imtina edib.

“Mən Tofiq Yaqublu quru aclığı dayandırana qədər onunla bərabər quru aclığı davam etdirəcəm,” Salayev Amerikanın Səsinə deyib.

Bu gün Müsavat Partiyasının qərargahında aclıq edən Əlzamin Kazımlı, Tofiq Məmmədov, Elnur Quliyev və Ağdaşda iki fəal aclığı dayandırıb.

“Elə bu gün AXCP fəalları Hicran Ağayev, Şirvan Soltanov, Ruslan Əmirov, Akif Ağayev aclıq aksiyasına qoşulub. Hazırda Müsavat Partiyasının qərargahında 13 nəfər aclığı davam etdirir“, AXCP Xətai rayon təşkilatının sdəri Faiq Nağıyev Amerikanın Səsinə deyib.

Həbsxanada aclıq edən müxalif siyasətçi Tofiq Yaqubluya həmrəylik əlaməti olaraq siyasi fəalların başladığı aclıq aksiyası davam etdirilır.

Ağdaş rayonunda isə 4 fəal aclığı davam etdirir.

“Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ağdaş rayon təşkilatın fəalları Qorxmaz Əbdurrəhimov, Məzahir Rəhimov, Rövşən Rəhimov və ictimai fəal Nüsrət Həsrətli aclığı davam etdiririk. Aclıq aksiyasına qoşulmaq istəyən AXCP fəallarının sayı çoxdur, sadəcə yerimiz darısqaldır. Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik”, AXCP Ağdaş rayon təşkilatının sədri Qorxmaz Əbdurrəhimov Amerikanın Səsinə deyib.

Beləliklə, hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 20 fəal aclıq aksiyası keçirir.

Tofiq Yaqublunun qızı Nigar Həsi Amerikanın Səsinə deyib ki, gecə saatlarında Maya Yaqublunun səhhətində ciddi problemlər olduğundan ona qida tərkibi olmayan sistem köçürülüb.

Həkim Adil Qeybulla yanvarın 15-də Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə onunla görüşüb, müayinə edib. Onun sözlərinə görə, Yaqublu quru aclığı dayandırıb, su içib.

Your browser doesn’t support HTML5

Adil Qeybulla: Tofiq Yaqublu su qəbul etməyə başladı

“Nigar xanım atasına gigiyena məsələləri ilə bağlı kömək etdi. Mən də müayinə etdim. Genodinamik göstəriciləri stabildir, qan təzyiqi stabildir, yəni 120/80-dır, saturasiyası 98 faizdir, nəbzi 95-dir. Kommunakabellidir, danışır. Əlbəttə aclıq aksiyasına görə müəyyən qədər çəki itirib. Su rejimini bərpa etdi. Artıq su qəbul edi. Bizim yanımızda bir neçə stəkan su içdi. Böyük dozada qanudulaşdırcı maddə vurdum ki, qanında tromblaşma olmasın.”

Onun sözlərinə örə, Yaqublu hələ xəstəxana şəraitində tibbi nəzarətdədir və aclığı davam etdirir.

Xatırladaq ki, indiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq!" tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İnsan haqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.