Accessibility links

Ailəsi və vəkillərinə Tofiq Yaqublu ilə görüşə icazə verilmir


Tofiq Yaqublu və qızı Nigar Həzi, 14 may 2022-ci il
Tofiq Yaqublu və qızı Nigar Həzi, 14 may 2022-ci il

Yanvarın 13-də hazırda Əjdər Məlikov adına 6 saylı xəstəxana olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya ailəsi və vəkilləri ilə görüşə icazə verilməyib. Bu barədə Amerikanın Səsinə onun qızı Nigar Həzi məlumat verib.

Tofiq Yaqublu yanvarın 5-dən saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Siyasətçinin məntəqədəki qidaların keyfiyyətsizliyinə və sovqatların qəbul edilməməsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

Qızının sözlərinə görə, o bu gün səhər saatlarından atası ilə görüş tələb eləsə də, heç bir səbəb göstərilmədən görüşə icazə verilmir:

"Eləcə deyirlər ki, "gözləyin, biz yuxarılara məruzə eləmişik, gözləyin". Məlum məsələdir ki, yuxarıdan bununla bağlı müsbət cavab gəlmir. Dünən vəkil Nemət Kərimliyə görüşə icazə vermədilər, bu gün isə atamın digər vəkilləri Aqil Layıcla Bəhruz Bayramova görüşə icazə verilmədi".

Nigar Həzi, Əjdər Məlikov adına 6 saylı xəstəxananın önündə
Nigar Həzi, Əjdər Məlikov adına 6 saylı xəstəxananın önündə

Nigar Həzi bildirir ki, görüşə icazə verməməklə həm atasına, həm də onların ailəsinə daha da əziyyət vermək istəyirlər.

"Başqa səbəb görmürəm. Atam çöldən məlumat ala bilməsin, ancaq əziyyət vermək istəyirlər" - deyə, qızı bildirib.

Tofiq Yaqublun vəkili Bəhruz Bayramov deyir ki, müdafiə etdiyi şəxslə görüşə icazə verilməməsi qanun pozuntusudur:

"Qanunvericiliyin tələblərinə görə vəkil istənilən vaxt öz müdafiə etdiyi şəxslə görüşə bilər. Vəkillə görüşə məhdudiyyət qoymaq qanunsuz qərardır".

Bəhruz Bayramov
Bəhruz Bayramov

Vəkilin sözlərinə görə, o bu barədə Ombudsman Aparatına məlumat və görüş barədə razılıq əldə edib.

Yanvarın 13-də tibb elmləri doktoru Adil Qeybulla Əjdər Məlikov adına 6 saylı xəstəxanada Tofiq Yaqubluya baş çəkəndən sonra Amerikanın Səsinə deyib ki, Yaqublu aclığı davam etdirir:

"Onun həyatı üçün artıq təhlükə yoxdur. Təzyiqi və nəbzi indi stabilləşib. Bu gün sistem köçürülməsindən imtina etdi. Amma venadaxili bir mədəqoruyucu inyeksiya etdik. Aclıq aksiyasına uyğun olaraq müəyyən çəki itirib. Yataqdadır, huşu aydındır, kommunikabellidir. Bu gün onunla xeyli söhbət etdik. Biz çox arzu edərdik ki, aclıq aksiyasını dayandırsın və tezliklə azadlığına qovuşsun".

Daxili İşlər Nazirliyindən Tofiq Yaqublunun ailəsinin və vəkillərinin onunla görüşə buraxılmaması barədə mövqe almaq mümkün olmayıb.

Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq" tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə İş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar "şəxsi mülahizə"dir və saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.

XS
SM
MD
LG