Accessibility links

Ağdaş rayonunda 4 fəal siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyasına qoşulub


Siyasi fəallar aclıq edir
Siyasi fəallar aclıq edir

Yanvarın 13-də Ağdaş rayonunda 4 fəal Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin başladığı aclıq aksiyasına qoşulub.

“Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ağdaş rayon təşkilatın fəalları Qorxmaz Əbdurrəhimov, Məzahir Rəhimov, Rövşən Rəhimov və ictimai fəal Nüsrət Həsrətli aclığa başladıq. Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik”, AXCP Ağdaş rayon təşkilatının bəyanatında deyilir.

Hazırda 18 nəfər aclığı davam etdirir. Belə ki, Tofiq Yaqublu xəstəxanada, Bəxtiyar Hacıyev təcridxanada, 11 siyasi fəal Müsavat Partiyasının qərargahında, 4 fəal Ağdaş rayonunda, Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu isə öz evində aclıq edir.

Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, səhhətində ciddi problemlər yaranmasına baxmayaraq aclığı davam etdirmək əzmindədir.

“Başımda, böyrəklərimdə, mədəmdə kəskin ağrılar baş qaldırıb. Təzyiqim kəskin aşağı düşüb, başım gicəllənir. Bütün bunlara baxmayaraq aclığı dam etdirəcəm. Əgər Tofiq bəy ölürsə, mən də onunla birgə öləcəm”, Maya Yaqublu Amerikanın Səsinə deyib.

Yanavrın 13-də tebb elmləri doktoru Adil Qeybulla Əjdər Məlikov adına 6 saylı xəstəxanada Tofiq Yaqubluya baş çəkəndən sonra Amerikanın Səsinə deyib ki, Yaqublu aclığı davam etdirir.

“Onun həyatı üçün artıq təhlükə yoxdur. Təzyiqi və nəbzi indi stabilləşib. Bu gün sistem köçürülməsindən imtina etdi. Amma venadaxili bir mədəqoruyucu inneksiya etdik. Aclıq aksiyasına uyğun olaraq müəyyən çəki itirib. Yataqdadır, huşu aydındır, kommunikabellidir. Bu gün onunla xeyli söhbət etdik. Biz çox arzu edərdik ki, aclıq aksiyasını dayandırsın və tezliklə azadlığına qovuşsun”, Adil Qeybulla Amerikanın Səsinə deyib.

Müsavat Partiyasının qərargahında aclıq edən AXCP fəalı Babək Həsənov Amerikanın Səsinə deyib ki, aclıq edənlər yanvarın 12-də həkim müayinəsindən keçib.

“Qan təzyiqləri yuxarı və aşağı olanlar olsa da hamı aclığı davam etdirir. Tələblərimiz yerinə yetirilənədək aclığı davam etdirəcəyik”, o qeyd edib.

Xatırladaq ki, indiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq!" tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.

XS
SM
MD
LG