Azərbaycan və ABŞ Prezidentlərinin köməkçiləri regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və ABŞ prezidentinin köməkçiləri Hikmət Hacıyev və Ceyk Sallivan

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.

Bu barədə Hikmət Hacıyev dekabrın 22-də twitter hesabında paylaşım edib.

"Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim" , Prezidentin köməkçisi qeyd edib.

Hikmət Hacıyevin rəsmi twitter hesabı

Hikmət Hacıyev bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir.

"Ermənistanın "blokada" ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir", Hacıyev əlavə edib.

Bununla yanaşı, telefon danışığı ilə bağlı ABŞ tərəfi hələ məlumat yaymayıb.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.