Accessibility links

Azərbaycan Rusiyaya nota verib


Xarici İşlər Nazirliyi (Arxiv foto, mənbə VOA)
Xarici İşlər Nazirliyi (Arxiv foto, mənbə VOA)

Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlılarla bağlı Rusiyaya nota təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib.

"Bir çox hallarda Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib. Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur. Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb".

Hacızadə qeyd edib ki, əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib.

"Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb," Xarici İşlər Nazirliynin sözçüsü qeyd edib.

Dekabrın 10-da Azərbaycan Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarında ilkin monitorinqə başlamaq üçün həmin ərazilər gedib. Bu zaman yerli icmanın nümayəındələri Azərbaycanın monitorinq qrpunu əraziyə buraxmayıb və Rusiya sülhməramlıları tədbir görməyib.

Özünü Artsax (Dağlıq Qarabağ) kimi təqdim edən qurumun informasiya qərargahının mediada dərc edilən bəyanatında deyilir ki, "Azərbaycan tərəfi Rusiyanın Artsaxda yerləşən sülhməramlı qoşunlarının komandanlığına göndərilmiş məktubu əsas götürərək, Mardakert (Ağdərə) regionunda mineraların monitorinqini həyata keçirmək üçün Drombon (Qızılbulaq) və Kaşen (Dəmirli) şaxtalarına baş çəkməyi planlaşdırıb".

"Təklif olunan planın Artsax Respublikasının (Dağlıq Qarabağ) hakimiyyət orqanları və mədənləri istismar edən təşkilatla razılaşdırılmadığını nəzərə alaraq, mədən təşkilatının işçiləri və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri monitorinq qrupunun mədən ərazilərinə çıxışını bağlayıb. Vəziyyəti həll etmək üçün Artsax hakimiyyət orqanlarının nümayəndələri görüş yerlərinə yola düşüb və danışıqlar nəticəsində monitorinqin dayandırılması və əlavə müzakirələrdən sonra məsələnin həlli qərara alınıb" , bəyanatda qeyd edilir.

Rusiya sülhməramlı kontingentinin komandanlığının dekabrın 10-da yaydığı məlumtda isə bildirlir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb.

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir" , məlumatda qeyd edilir.

Qeyd edək ki, Azərbaycan hakimiyyət orqanlarının nümayəndələrinin və Rusiya sülhməramlı kontingentinin komandanlığının dekabrın 3-də və 7-də baş tutmuş görüşlərinin yekunlarına görə, regionun təbii ehtiyatlarından qanunsuz istifadə faktlarının monitorinqi üzrə Yol Xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Söhbət Ermənistan şirkətlərinin təbii ehtiyatları emal etməsindən və hazır məhsulu Qarabağdan Ermənistana aparmasından gedir. Qeyd edək ki, Azərbaycanda bütün bu cür işlər ciddi şəkildə lisenziyalaşdırılır.

Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı ilə danışıqlar Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovun dekabrın 5-də Moskvada keçirilən görüşü zamanına təsadüf edir.

XS
SM
MD
LG