"Müsəlman Birliyi Hərəkatı"nın iki üzvünun saxlanıldığı bildirilir

Nicat Əliyev (Fotonu Nicat Əliyevin ailəsi təqdim edib)

Son iki gündə "Müsəlman Birliyi Hərəkatı"nın iki üzvünün saxlanıldığı bildirilir.

"Müsəlman Birliyi Hərəkatı"nın məlumatına görə, hərəkatın üzvü Nicat Əliyev dekabrın 1-də mülkü geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Ailəsindən Amerikanın Səsinə bildiriblər ki, Nicat Əliyev dünən günorta saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində evdən çıxıb və sonra onun telefonuna zəng çatmayıb.

"O öz şəxsi avtomobili ilə taksi xidməti göstərir. Üç uşağı və ailəsi Nicatın qazancından asılıdır. Dekabrın 1-də saat 13 radələrində 90 PT 214 dövlət nömrə nişanı olan avtomobili ilə evdən çıxıb, mağazaya gedib. Ondan sonra Nicatdan və avtomobilindən xəbər yoxdur. Dünən Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng etmişəm, lakin indiyədək Nicatın saxlanılması barədə ailəsinə məlumat verilməyib. Yerli polisə zəng edirəm, deyirlər axtarırlar" , Nicat Əliyevin anası Yenigül Əliyeva Amerikanın Səsinə deyib.

Öz növbəsində, hüquq-mühafizə orqanları Nicat Əliyevin saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə Nicat Əliyev adlı şəxsin saxlanılması barədə məlumata malik olmadıqlarını bildiriblər.

Samir Babayev (Foto Babayevin facebook səhifəsindəndir)

Dekabrın 2-də səhər saat 11 radələrində isə "Müsəlman Birliyi Hərəkatı"nın üzvü Samir Babayev Bakının Maştağa qəsəbəsində naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

"Müsəlman Birliyi Hərəkatı"ndan Amerikanın Səsinə bildiriblər ki, Samir Babayevin kimlər tərəfindən saxlanıldığı və haraya aparıldığı bilinmir.

"Rəsmi qurumlardan Samir haqqında hələ hər hansı məlumat almaq mümkün olmayıb. Dünən, dekabrtın 1-də hərəkatın üzvü Nicat Əliyev də saxlanılıb. Onun barəsində də hələ bir xəbər öyrənə bilmirik" , "Müsəlman Birliyi Hərəkatı"ndan deyiblər.

Polis orqanlarından Samir Babayevin saxlanılması ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, son bir neçə gündə Müsəlman Birliyi Hərəkatının azı 3 üzvü saxlanılıb. Onlardan Şahin Qədimova qarşı narkotik ittihamı irəli sürülüb. Şahin Qədimovun cinayət işi üzrə istintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Noyabrın 1-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə yaydığı məlumatda "Müsəlman Birliyi Hərəkatı"nın adı çəkilib.

Məlumatda deyilir ki, özlərini "Müsəlman Birliyi Hərəkatı" adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, oradan isə təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıb.

DTX bildirir ki, qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub.

Rəsmi dövlət qeydiyyatı olmayan "Müsəlman Birliyi Hərəkatı" 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 9 nəfər funksioneri və fəalı həbsdədir.