Azərbaycan və İsrail prezidentləri telefonla danışıb

Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Prezidenti İsxak Hersoq (Mənbə: AzərTAC dövlət agentliyi)

Noyabrın 22-də İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə Prezident İlham Əliyeva təşəkkürünü bildirib və qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.

Mətbuat Xidmətinin məlumatına əsasən, Prezident İlham Əliyev bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir.

Mətbuat xidməti telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərinin müzakirə edildiyi, gələcək təmaslar barədə fikir mübadiləsi aparıldığını bildirib.

Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.

Azərbaycan İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. İsrail 1992-ci il oktyabrın 7-də Azərbaycanda səfirlik açıb.