Accessibility links

Amerika Yəhudi Komitəsi Azərbaycanın İsraildə səfirlik açmasını yüksək qiymətləndirib


Amerika Yəhudi Komitəsinin emblemi (Mənbə AJC)
Amerika Yəhudi Komitəsinin emblemi (Mənbə AJC)

Amerika Yəhudi Komitəsi (AJC) şiə ölkəsi olan Azərbaycanın yəhudi dövlətində səfirlik açmaq qərarını yüksək qiymətləndirib.

"Azərbaycan artıq çoxdan İsrail və müsəlman dünyası arasındakı münasibətlərdə trendi müəyyən edən ölkədir. İsraildə səfirliyin açılması otuz ildən çox davam edən sıx və genişmiqyaslı Azərbaycan-İsrail əlaqələrini əks etdirir," AJC-nin baş direktoru Ted Doyç bildirib.

"2020-ci il tarixli Avraam razılaşmalarının normallaşması haqqında tarixi saziş də daxil olmaqla, bu, İsrail və müsəlman dünyası arasında genişlənən əməkdaşlığın daha bir nümunəsidir," AJC-nin noyabrın 18 yaydığı məlumatda deyilir.

AJC qeyd edir ki, Azərbaycan və İsrail 1992-ci ildə diplomatik münasibətlər qurub, bir il sonra isə İsrail Bakıda səfirlik açıb. Ötən il Tel-Əvivdə Azərbaycanın ticarət nümayəndəliyi yaradılıb. Azərbaycan İsrail və ABŞ-ın strateji tərəfdaşıdır.

"AJC dünyada aparıcı yəhudi hüquq müdafiə təşkilatıdır, Azərbaycanla ABŞ, Avropa və digər ölkələrdəki ofisləri vasitəsilə sıx əlaqələr saxlayır. AJC-nin nümayəndə heyətləri hər il Bakıya səfər edir və hər payız BMT Baş Assambleyasının kuluarlarında Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşür," məlumatda qeyd edilir.

Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.

XS
SM
MD
LG