Azərbaycan və Ermənistan delimitasiya işini sürətləndirmək barədə razılığa gəlib

Ermənistan və Azərbaycan sərhədi (Arxiv foro, mənbə VOA)

Azərbaycanla Ermənistan delimitasiya və sərhəd Komissiyalarının işini sürətləndirmək və IV iclas barədə razılığa gəlib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Brüssel şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.

İclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib.

"Tərəflər Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər. Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər" , məlumatda qeyd edilir.

Ermənistan Xarici İşlər Nazirliyi də eyni məzmunlu məlumat yayıb.

Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşlərin diqqət mərkəzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması olub.

Soçidəki üçtərəfli görüşədək iki ölkə arasında aparılan sülh danışıqlarına Avropa İttifaqı vasitəçilik edib. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri artıq dörd dəfə görüşüb. Sonuncu dəfə bu il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər "təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək".

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.