Gürcüstanda “Qafqaz Qartalı-2022" Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin hərbi təlimləri davam edir.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, xüsusi təyinatlı dəstələr hava təchizatı, zirehli texnika ilə obyektə hücum, binanın ələ keçirilməsi, paraşütlə helikopter və digər uçuş aparatlarından eniş elementlərini yerinə yetirir.
Oktyabrın 19-da üç ölkənin xüsusi təyinatlı qüvvələrinin hərbçiləri Vaziani Təlim Bazasında nümayiş təlimləri keçirib. Təlimləri Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili izləyib.
Məlumatda bildirilir ki, “Qafqaz Qartalı-2022” təliminin məqsədi Gürcüstan, Azərbaycan və Türkiyə Müdafiə qüvvələrinin xüsusi əməliyyat bölmələri tərəfindən xüsusi təyinatlıların imkanlarının sinxronlaşdırılması və əlaqələndirilməsini dərinləşdirmək, təcrübə mübadiləsi, qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və çoxmillətli döyüşlərdə komandanlıq və nəzarəti təkmilləşdirməkdir.
“Qafqaz Qartalı - 2022” təlimində iştirak edən xüsusi təyinatlı qruplar yanğın və tibbi hazırlıq, məskunlaşan ərazidə döyüş və xüsusi əməliyyatların aparılması təcrübələrini də bölüşəcəklər.
Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin üçtərəfli “Qafqaz Qartalı - 2022” təlimi hər üç ölkədə rotasiya prinsipi ilə hər il keçirilir. Keçən il təlimə Türkiyə ev sahibliyi edib.