Oktyabrın 10-da Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb.
Türkiyənin Gürcüstandakı Səfirliyinin məlumatına görə, bu gün Gürcüstanın Muxrovani şəhərində təlimlərin rəsmi açılış mərasimi olub.
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev sentyabrın 28-də Gürcüstanda səfərdə olub. O, Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı Giorgi Matiaşvili ilə görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparııb.
Görüşdə ikitərəfli və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatda, həm də NATO çərçivəsində təlimlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.