Accessibility links

Cəsur Sümərinli: Azərbaycan-Gürcüstan-Türkiyə hərbi üçbucağının yaranması qaçılmazdır [Audio]


“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli
“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

“Təlimin “Qafqaz qartalı” adlandırılması xüsusi əhəmiyyət kəsb etdir. Çünki, Rusiya Ermənistanda və Şimali Qafqazda hərbi təlimlər keçirib”, ekspert qeyd edib.

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, noyabrın 26-da Ankara yaxınlığında başlayan hərbi təlimlər regionda Türkiyə-Azərbaycan-Gürcüstan hərbi üçbucağının yaranmasına gətirib çıxaracaq.

Hərbi ekspert Cəsur Sümərinli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:10 0:00
Direct link

“Hər üç ölkənin xüsusi hədəflər və eyni istiqamətlər üzrə hərbi təlimlər keçirməsi ölkələrin regional maraqlarına uyğundur. Xüsusi ilə təlimin adı mühüm əhəmiyyət kəsb edir, -“Qafqaz qartalı”. Nəzərə almaq lazımdır ki, bu ilin sentyabrından başlayaraq noyabrın əvvəllərinədək Rusiya istər Ermənistanda, istərsə də Şimali Qafqazda uzun müddətli hərbi təlimlər keçirib. Qərb mənbələri bu təlimlərlə Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi təsirlərini gücləndirmək məqsədi güddüyünü deyir”.

Ekspertin sözlərinə görə, “Qafqaz qartalı” hərbi təlimlərinə NATO-nun dəstəyi də mövcuddur.

“Hərbi təlimlərdə NATO müşahidəçiləri də iştirak edir”.

C.Sümərinli hesab edir ki, hər üç ölkə iqtisadi, siyasi və hərbi baxımdan bir-birinə yaxındır və ümumi regional maraqlara malikdir.

“Bu səbəbdən hər üç ölkənin hərbi ittifaq şəklində fəaliyyəti vacib əhəmiyyət kəsb edər. Bu ölkələrin hər il birgə quru, dəniz və hava qüvvələrinin hərbi təlimlərini keçirməsi regional təhlükəsizliyə xidmət edər. Bu təlimlərin həmçinin Suriya problemi də daxil regiondakı çox ciddi təhdidlərin qarşısının alınmasında mühüm əhəmiyyəti olar. Gələcəkdə təlimlərə NATO-ya üzv digər dövlətlərin qoşulması da mümkündür”.

O Rusiyanın təhdidlərindən danışarkən deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin indiyədək vahid hərbi ittifaqda birləşməsi lazım idi.

“Regional enerji maraqlarının təhlükəsizliyi baxımından hərbi təlimlər ölkələrin təbii seçimidir. Ola bilsin ki, bu hərbi təlimlər Rusiya tərəfindən tənqidlə qarşılanacaq. Amma, praktika göstərir ki, regionun təhlükəsizliyinin yalnız Rusiyanın təsiri altına verilməsi sabitliyə gətirib çıxarmayacaq. Ötən yüzilliklərin təcrübəsi sübut edir ki, regional təhlükəsizliyin Rusiya təsiri altında olması münaqişələrin daha da alovlanmasına, gərginliyin artmasına səbəb olur. Son 20 illik təcrübə isə buna daha bariz nümunədir. Ona görə də regional təhlükəsizlik arxitekturasının formalaşmasında yeni yollar, metodlar, qaydalar ortaya çıxmalıdır”.

Ekspertin dediyinə görə, 2014-cü ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında və 2014-cü ildən sonra bu ölkədə humanitar əməliyyatların yerinə yetirilməsində NATO-nun əsas 8 tərəfdaşı arasında Azərbaycan və Gürcüstanın da adı var.

“Bu baxımdan hər üç dövlətin hərbi ittifaqının dərinləşməsi regionun tranzit mövqeyini daha da əhəmiyyətli edəcək. Avropa İttifaqının Mərkəzi Asiyada maraqlarını da nəzərə alsaq NATO ölkələri bu ittifaqı sözsüz dəstəkləyəcək. Region dövlətlərində siyasi dəyişikliklər olarsa demokratiya və insan haqları sahəsində islahatlar da qaçılmaz olacaq. Bu isə region ölkələrinin Avrasiya məkanına inteqrasiyasını daha da dərinlədirəcək”, o qeyd edib.
XS
SM
MD
LG